MOSKVADA HƏMVƏTƏNİMİZ, TANINMIŞ ALİM QƏDRİYYƏ-ÜLKƏR SƏLİMOVANIN YUBİLEYİ QEYD OLUNMUŞDUR
Rusiya Təhsil Akademiyasının prezidenti Nikolay Nikondrov yubilyarı səmimi-qəlbdən təbrik edərək bildirdi ki, ömrünün 50 ilini Rusiya Təhsil Akademiyasına həsr etmiş Qədriyyə Səlimova bütün dünyada tanınan və Rusiyanı dünyaya tanıdan alimlərdəndir. Onun sözlərinə görə, Q.Səlimova Rusiya və beynəlxalq pedaqogikası və təhsili tarixinin öyrənilməsinə böyük töhfə vermişdir.
Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti Natiq Ağamirov Moskvadakı Azərbaycan diasporu adından çıxış edərək, Q.Səlimovaya Konqresin adlı xatirə medalı və Fəxri fərmanını təqdim etdi. Yubilyara Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin fəxri fərmanı da verildi. Qeyd olundu ki, Q.Səlimovanın adı xaricdə yaşayan və Vətənimizi şöhrətləndirən həmvətənlərimiz haqqında kitaba daxil ediləcəkdir.
Qədriyyə Səlimova qeyri-adi ömür yolu keçmişdir. Bakı Dövlət Universitetinin fəlsəfə fakültəsini və M.V.Lomonosov adına MDU-nun aspiranturasını bitirdikdən sonra həyatını elmə həsr etmişdir. 1953-cü ildən bu günədək Rusiya Təhsil Akademiyasının Təhsil və Pedaqogika Nəzəriyyəsi İnstitutunda işləyir. “Dünya pedaqogikasının tarixi pedaqoji təhsilin təkmilləşdirilməsi amili kimi” silsilə əsərlərinə görə Dövlət mükafatına layiq görülmüşdür, pedaqogika ilə məşğul olan tarixçilərin beynəlxalq təşkilatı Mərkəzi Komitəsinin üzvü, beynəlxalq işçi qrupun rəhbəridir. Onun rəhbərliyi altında pedaqogika tarixinə aid dünya ədəbiyyatında bərabəri olmayan üç beynəlxalq dərslik buraxılmışdır. Bu əsərlər ingilis, çin, yapon dillərinə tərcümə olunmuşdur. Bundan əlavə, Qədriyyə xanım 18 monoqrafiyanın, yaxın və uzaq xarici mətbuatda dərc edilmiş 100-dən çox məqalənin müəllifidir. O, beş dil (Azərbaycan, rus, türk, ingilis və alman) bilir.
Qeyd etmək lazımdır ki, Qədriyyə Səlimova 17 yaşında könüllü Böyük Vətən müharibəsi cəbhəsinə yollanmış, ordu sıralarında Rusiyada, Ukraynada, Moldovada, Bolqarıstanda, Rumıniyada, Polşada, Çexoslovakiyada, Macarıstanda, Avstriyada döyüşmüş, orden və medallarla geri dönmüşdür.
Tanınmış həmvətənimizin yubileyinə toplaşanlar bütün bunlar barədə söhbət açdılar. Qədriyyə xanım Azərbaycanın Rusiyadakı səfirliyinə, Ümumrusiya Azərbaycan Konqresinə, habelə təntənəli gecədə iştirak edənlərin hamısına onun yubileyini belə yüksək səviyyədə təşkil etdiklərinə görə təşəkkürünü bildirdi. Alim vurğuladı ki, Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan ilə Rusiya arasındakı dostluğun və əməkdaşlığın möhkəmlənməsinə yönəldilmiş siyasətini davam etdirməsi onu sevindirir.