MOSKVADA MDB BAŞ PROKURORLARI ƏLAQƏLƏNDİRMƏ ŞURASININ İCLASI OLMUŞDUR
Rusiyanın Baş prokuroru Vladimir Ustinovun sədrliyi ilə keçən iclasda prokurorluq orqanlarının korrupsiya ilə mübarizə sahəsində qarşılıqlı fəaliyyəti, terrorizm, separatizm və ekstremizmlə bağlı cinayətlərin açılmasında və araşdırılmasında qarşılıqlı hüquqi yardım göstərilməsinin səmərəliliyinin artırılması məsələləri müzakirə olunmuşdur. Narkotik vasitələrin və psixotrop maddələrin, silah, hərbi sursat, partlayıcı maddə və qurğuların qanunsuz dövriyyəsi, habelə qanunsuz miqrasiya ilə bağlı məsələlərə də toxunulmuşdur.
Rüstəm Usubov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Azərbaycan tərəfi Şuranın işində iştirakını faydalı və səmərəli hesab edir, onun fəal üzvüdür. Gündəlikdəki bir çox məsələlər müasir dövrün yeni hədə və təhdidləri ilə mübarizədə çox aktualdır. Azərbaycanın Baş prokurorunun gündəlikdəki hər bir məsələ ilə bağlı öz xüsusi fikri və mövqeyi var və nümayəndə heyətimiz Şuranın iclasındakı işini buna əsasən quracaqdır.
R.Usubov demişdir: “Azərbaycan Respublikası Prokurorluğu MDB ölkələrinin bütün prokurorluq orqanları ilə sıx əməkdaşlıq edir, terrorizm, korrupsiya və narkobizneslə mübarizə, kütləvi qırğın silahının yayılmaması, mütəşəkkil cinayətkarlıq, habelə cinayətkarların ölkəmizə ekstradisiyası kimi vacib məsələlərlə bağlı mütəmadi əlaqələr saxlayır. Biz əlaqələndirmə qrupları yaratmışıq, onların köməyi ilə səmərəli qarşılıqlı fəaliyyət və birbaşa əlaqələr həyata keçirilir. Hesab edirik ki, bu, çox səmərəlidir. Bu baxımdan Moskva görüşü və həyati əhəmiyyətli məsələlərin müzakirəsi fikir mübadiləsindən ötrü yaxşı imkan yaradır. Azərbaycan cinayətkarların ölkəmizə ekstradisiyası mexanizminin təkmilləşdirilməsi barədə məsələni də müzakirəyə çıxaracaqdır. Bununla yanaşı, Şuranın işində iştirak edən prokurorlar və istintaq prosesini nəzarətdə saxlayan müstəntiqlərlə ikitərəfli görüşlər keçiriləcək, cinayətkarların ekstradisiyası məsələsi müzakirə olunacaqdır. Görüşlərdə Şuranın qərarlarının yerinə yetirilməsi, habelə gələcək birgə fəaliyyət məsələləri də müzakirə ediləcəkdir”.