MOSKVADA RUSİYA-TÜRKİYƏ MƏSLƏHƏTLƏŞMƏLƏRİ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə burada işgüzar səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar aparılmışdır.
Görüş zamanı ikitərəfli əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılmış, siyasi, iqtisadi və energetika sahələrində qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunmuş, bir sıra beynəlxalq və regional məsələlərə toxunulmuşdur. İkitərəfli dövlətlərarası münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunaraq, Rusiya Prezidenti V.Putinin dekabr ayında Türkiyəyə səfəri zamanı əldə edilmiş razılaşmaların və imzalanmış sənədlərin tezliklə həyata keçirilməsinin zəruriliyi vurğulanmışdır.
Elə həmin gün Rusiya Prezidenti və Türkiyənin Baş naziri Türkiyə işgüzar dairələrinin nümayəndələri ilə görüşmüşlər. Görüşdə iki dövlətin daha sıx iqtisadi inteqrasiyası məsələləri nəzərdən keçirilmiş, Rusiya ilə Türkiyə arasında ticarət-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinə, əmtəə dövriyyəsinin artırılmasına nail olmaq niyyəti ifadə olunmuşdur.
Energetika məsələlərinə dair Türkiyə-Rusiya danışıqları zamanı Rusiya qazının Türkiyəyə nəqlinin artırılması, qazın Türkiyə ərazisində paylanmasında Rusiyanın iştirakı, xammalın üçüncü ölkələrə göndərilməsi ilə bağlı razılıq əldə edilmişdir. Prezident Vladimir Putin bu barədə məlumat verərək demişdir ki, əldə olunan razılaşmaların həyata keçirilməsi Rusiya energetikasının imkanlarını artırır, energetika sahəsində beynəlxalq əməkdaşlıqda Türkiyənin tamamilə yeni mövqeyini təsdiq edir.
Dünyada baş verən siyasi proseslər də Rusiya Prezidenti V.Putin ilə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan arasında danışıqların müzakirə mövzusu olmuşdur. Ərdoğan bildirmişdir ki, Türkiyə Rusiyanın Dünya Ticarət Təşkilatında üzvlüyünü dəstəkləyəcək, V.Putin isə bəyan etmişdir ki, Kipr probleminin nizama salınması ilə bağlı BMT baş katibi Kofi Annanın planına tərəfdar olacaqdır. Rusiya Prezidenti demişdir: “Biz ikitərəfli əsasda da fəaliyyət göstərməyə hazırıq, lakin birinci mərhələdə BMT baş katibinin planını fəal dəstəkləyəcəyik”.
Rusiya, həmçinin İraqın bərpası üçün Türkiyənin ərazisindən və infrastrukturundan istifadə olunmasına dair Türkiyə tərəfinin təklifini dəstəkləmişdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva