Mourinyo Ronaldonu 2018/2019-cu illər mövsümündə Çempionlar Liqasının simvolik yığmasına daxil etməyib
Bakı, 3 iyun, AZƏRTAC
“Mançester Yunayted”in keçmiş baş məşqçisi Joze Mourinyo 2018/2019-cu illər mövsümündə Çempionlar Liqasının simvolik yığmasının bir variantını təklif edib.
AZƏRTAC “Russia Today”ə istinadla xəbər verir ki, Çempionlar Liqasının finalında “Liverpul” “Tottenhem”ə 2:0 hesabı ilə qalib gəlib. Bu oyun iyunun 1-də Madriddəki “Vanda Metropolitano” stadionunda keçirilib.
Mourinyo deyib: “Mən yalnız yarımfinalın iştirakçıları olan komandaların nümayəndələri ilə kifayətlənərdim. Əlbəttə, başqa mərhələlərdə uğurla çıxış edənlər də çox olub, lakin mənim fikrimcə, bu, ədalətli qərardır.
Simvolik yığmanın qapıçısı “Liverpul”un qolkiperi Alissondur. Xüsusən finalda onun çıxışını nəzərə almalıyıq. O, lazımi anda komandasının uğur qazanmasına kömək etdi.
Kənar müdafiəçilər dueti Çempionlar Liqasının qalibinin iki nümayəndəsi - Endrü Robertson və Trent Aleksander-Arnolddur. Onlar hər ikisi fiziki cəhətdən inkişaf etmiş və meydanda aqressivlik göstərən fenomenal atletlərdir. Hər ikisi kifayət qədər özündən razıdır və oyunun məsuliyyətini özü üzərinə götürməyə qorxmur.
Müdafiə xəttinin mərkəzində Virgil van Deyk əsl kraldır. Top səviyyəli bu futbolçu meydanda liderdir. İkinci müdafiəçi yerini Matteys de Likt tutur. Çoxsaylı mühüm qolların müəllifi olmuş bu idmançı öz mövqeyində əla oyun nümayiş etdirib və turnirin simvolik yığmasında yer tutmağa layiq olduğunu sübut edib.
Yarımmüdafiəçilərə gəldikdə, şübhəsiz, yenə də “Liverpul” nümayəndələrini qeyd etmək istərdim. Klopp bu xəttə bir sıra variantları sınaqdan keçirib. “Barselona” ilə matçda Vaynaldum parlaq oyun göstərdi, lakin Nabi Keyt və Ceyms Milner də həmin mövqedə oynayıblar. Buna görə mən öz seçimimi “Ayaks”dan olan Frenki de Yonq və Donni van de Bek dueti üzərində saxlayıram. Bu oğlanların əla gələcəyi olacaq. Onlar “Real” və “Yuventus” komandalarının meydanlarında keçirilən görüşlərdə göstərdilər ki, təkcə doğma divarlar arasında yaxşı oynamırlar. Üçüncü mərkəz yarımmüdafiəçisi “Tottenhem”in nümayəndəsi Kristian Eriksen olacaq. O, finalda heç də ən yaxşı çıxışını göstərmədi, “Ayaks” ilə seriyada kobud səhvə yol verdi, lakin simvolik yığmada yer tutmağa layiq oldu.
Forvardlar üçlüyünə gəldikdə, burada Kriştianu Ronaldonu görməyəcəksiniz, çünki “Yuventus” finala çıxa bilmədi. Buna görə hücumçular triosuna Salah, Mane və Lionel Messi daxil olacaq.