SİYASƏT
MSK-da MDB müşahidə missiyasının nümayəndə heyəti ilə görüş keçirilib
Bakı, 17 yanvar, AZƏRTAC
Yanvarın 17-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini izləmək üçün ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibinin birinci müavini Leonid Anfimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
MSK Katibliyinin Media və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, seçkilərdə aşkarlığın və şəffaflığın təmin olunmasında müşahidəçilik institutunun mühüm rol oynadığını vurğulayaran M.Pənahov MSK-nın beynəlxalq təşkilatlarla əməkdaşlığa daim xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb. O, beynəlxalq müşahidəçilərin Azərbaycanda keçirilən seçkilərə böyük maraq göstərməsini yüksək qiymətləndirib.
L.Anfimov prezident seçkiləri ilə əlaqədar həyata keçirilmiş layihələr və görülmüş işlər barədə məlumat verilməsini xahiş edib.
M.Pənahov seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi istiqamətində atılmış addımlar, reallaşdırılmış genişmiqyaslı layihələrdən danışıb, qonaqları maraqlandıran sualları cavablandırıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.