ELM VƏ TƏHSİL
Müasir Türkiyədə seçki sisteminə həsr olunan elmi seminar
![](/files/galleryphoto/2023/2/1200x630/1686920993171404557_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16869209934879326559_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16869209943403115243_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/1686920994114252251_1200x630.jpg)
Bakı, 16 iyun, AZƏRTAC
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Türkiyə Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar tədbirlər çərçivəsində “Müasir Türkiyədə seçki sistemi və seçkilər (2002-2023)” mövzusunda elmi seminar keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, seminarı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva bu il Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə institutda bir sıra elmi tədbirlərin keçirildiyini söyləyib. O, seminarın bu dəfə Türkiyədə keçirilən seçkilərə həsr olunduğunu vurğulayıb, sentyabr ayında bu mövzuda beynəlxalq elmi konfransın keçiriləcəyini diqqətə çatdırıb.
Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədov “Müasir Türkiyədə seçki sistemi və seçkilər (2002-2023)” mövzusunda məruzə edib. Müasir Türkiyənin seçki sisteminə və ölkədə 2002-2023-cü illərdə təşkil olunan seçkilərə və onların nəticələrinin təhlilinə həsr olunmuş məruzədə beynəlxalq aləmdə mövcud olan seçki sistemləri və bunun Türkiyədə mövcud olan seçki sistemi ilə oxşar və fərqli cəhətləri barədə söz açılıb. Məruzəçi ölkədə son dövrlərdə seçki və dövlət idarəçiliyi sahəsində həyata keçirilən islahatların seçkilərə təsirindən bəhs edib.
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Diplomatiya kafedrasının müəllimi, İstanbul Universitetinin doktorantı Teymur Qasımlı Türkiyədəki son seçkilərin bölgəyə təsiri barədə məruzə edib. Məruzəçi ötən əsrin ortalarından başlayaraq Türkiyədə keçirilmiş seçkilərdən bəhs edib, daha sonra son seçkilərin xüsusiyyətlərindən söz açıb. T.Qasımlı bu seçkilərin region ölkələri ilə münasibətlərə təsirini təhlil edib, onun Azərbaycan Respublikası ilə münasibətlərin daha da inkişafına səbəb olacağını bildirib.
Seminarda məruzələr ətrafında müzakirələr aparılıb. Həmçinin məruzəçilər tədbir iştirakçılarının suallarını cavablandırıblar.