Muğanlı-İsmayıllı-Qəbələ yolu və Ağsu dolaylarında sərt döngəli ərazilər təhlükəlidir
İsmayıllı-Ağsu, 10 yanvar, Rəşad Türkoğlu, AZƏRTAC
Muğanlı-İsmayıllı-Qəbələ və Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsi buz bağlayıb. Buzlaşma səbəbindən bu yolların enişli-yoxuşlu, həmçinin sərt döngəli əraziləri təhlükəli vəziyyətdədir.
9 nömrəli “Yol İstismarı” MMC-nin istehsalat rəisi Fazil Qasımov AZƏRTAC-a bildirib ki, Muğanlı-İsmayıllı-Qəbələ yolunun təmizlənməsi üçün gecə olduğu kimi, səhər saatlarında da canlı qüvvə və texnika işləyir. Amma buna baxmayaraq Qəbələdən, eləcə də Şimal-Qərb bölgəsindən paytaxt istiqamətində hərəkətdə olan avtobuslar və bəzi minik avtomobilləri alternativ yollardan, yəni Qaraməryəm-Ağsu-Kürdəmir yolundan keçməklə Bakı-Qazax yolundan istifadə edərək mənzil başına rahat çata bilirlər. Eyni zamanda, avtomobilləri texniki cəhətdən saz vəziyyətdə olanlar, qış ayları üçün nəzərdə tutulan şinlərdən istifadə edən sürücülər alternativ yola girmədən Bakıya getmək üçün İsmayıllı-Muğanlı və Şamaxıdan keçməklə hərəkətlərinə davam edirlər.
Hazırda yolların buzdan təmizlənməsi üçün əraziyə texniki duz və qum səpilir, paralel olaraq yolun hərəkət hissəsində olan qar kürünür. Əraziyə qarın yağması dayanıb, havanın temperaturu gecə saatları ilə müqayisədə yüksəlib.
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində də buzlaşma olan ərazilərin təmizlənməsi üçün əlavə texnika və canlı qüvvə cəlb edilib.
4 nömrəli “Magistral Yolların İstismarı” MMC-nin sahə rəisi Eldar İsrafilovun verdiyi məlumata görə, yolda təmizləmə işləri fasiləsiz aparılır: “Gecə saatlarında hava qarlı və şaxtalı keçsə də, işimizdə fasilə olmadı. Hazırda bəzi sərt döngələrdə buzlaşma, həmçinin də duman var. Əvvəlki günlərlə müqayisədə hərəkət çox deyil, amma hər iki istiqamətə avtomobillərin çoxaldığı görünür”.
Hazırda ərazidə qar yağmasa da, havanın temperaturu mənfidir.