Mülki Aviasiya Muzeyində Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib
Bakı, 25 fevral, AZƏRTAC
Fevralın 25-də "Azərbaycan Hava Yolları" QSC-nin Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mülki Aviasiya Muzeyi akademik Zərifə Əliyeva adına liseyi ilə birgə Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı tədbir təşkil edib.
Azərbaycan Mülki Aviasiya Muzeyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə liseyin müəllim və şagirdləri, Qarabağ müharibəsi veteranları - təyyarəçilər Xanlar Səttarov, Hüseyncan Əzimov iştirak ediblər.
Liseyin direktoru Mehriban Vəliyeva tədbiri açdıqdan sonra Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Mülki Aviasiya Muzeyinin böyük elmi işçisi Rübabə Əbiyeva tərəfindən "Xocalı faciəsi" adlı mühazirə oxunub. Mühazirədən sonra liseyin şagirdləri Xocalı soyqırımına həsr olunmuş bədii kompozisiya ilə çıxış ediblər. Tədbirdə iştirak edən Qarabağ müharibəsi veteranı, Xocalı faciəsinin canlı şahidi, Mİ-24 helikopterinin komandiri olmuş Xanlar Səttarov, Qarabağ müharibəsi veteranı Hüseyncan Əzimov öz döyüş xatirələrini şagirdlərlə bölüşərək onlara vətənpərvərlik ruhunda böyümələrini və vətənlərini sevmələrini tövsiyə ediblər.
Tədbirin sonunda bu görüşün muzey tərəfindən gənclərə vətənpərvərlik hissini aşılamaq, cəsur təyyarəçilərimizin fədakarlıqlarını onlara örnək göstərmək məqsədilə keçirildiyi vurğulanıb. Həmçinin, Xocalı soyqırımının beynəlxalq müstəvidə tanınması üçün dövlətimizin göstərdiyi səylərlə bərabər hər bir Azərbaycan vətəndaşının da bütün imkanlarını səfərbər etməsi zəruriliyi bir daha qeyd olunub.