Münhendə keçirilən aksiyada Ermənistandan minalanmış ərazilərin xəritələrini verməsi tələb edilib
Bakı, 24 aprel, AZƏRTAC
Almaniyanın Münhen şəhərində fəaliyyət göstərən Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzi tərəfindən burada yerləşən Milli Televiziya (Bayerischer Rundfunk) və Bavariya Parlamentinin qarşısında sakit aksiya təşkil olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, aksiyanın keçirilməsində məqsəd Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən basdırılmış minaların xəritəsinin verilməməsidir. Əllərində minalanmış ərazilərə, minaların zərərli təsirlərinə qarşı plakatlar tutmuş aksiya iştirakçıları Ermənistan hökumətindən minalanmış ərazilərə dair xəritələrin verilməsini tələb edib.