Münxendə Prezident İlham Əliyevin diplomatiya dərsi
Bakı, 20 fevral, AZƏRTAC
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclası izlədikdən sonra gəldiyim nəticə bundan ibarətdir ki, 3 il bundan əvvəl Münxendə Prezident İlham Əliyevlə birgə debat Paşinyana qətiyyən dərs olmayıb. Dünya ictimaiyyəti bu dəfə Ermənistan baş nazirinin həm savadsız, həm də iyrənc yalançı olduğunu gördü.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib.
“Açığını deyim ki, "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasın aparılması da məni qane etmədi. Hiss olunur ki, Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgen sələfi Volfqanq İşinqer arasında xeyli fərq var və bu fərq heç də birincinin xeyrinə deyil. Plenar iclasın adından da göründüyü kimi, orada suallar əslində Cənubi Qafqazda təhlükəsizliyin qurulmasına əngəllər, üç ölkənin sıx əməkdaşlığını təmin etmək üçün nələr lazım gəldiyi, Gürcüstanın Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşmasında hansı rolu oynaya biləcəyi ilə bağlı olmalı idi. Bunun əvəzinə isə Gürcüstan Baş nazirindən sabiq Prezident Saakaşvilini azad edib-etməyəcəkləri barədə soruşmaları, əksər sualların hədəfinin Rusiya olması, Ermənistana tərəfkeşlik cəhdi kimi məqamlar moderatorun qeyri-peşəkarlığından xəbər verir. Görünür, elə həm də bu səbəbdən Prezident İlham Əliyev ona "Dağlıq Qarabağ" ifadəsini işlətməyin yolverilməz olduğunu xatırlatmalı oldu”, - deyə S.Alıyev qeyd edib.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında budəfəki açıqlamaları ilə onlara yaxşı bir diplomatiya dərsi verdi. Ən maraqlı məqamlardan biri də bu idi ki, dövlətimizin başçısı birbaşa ad çəkmədən dəqiq məntiqi ardıcıllıqla bəzi faktları xatırladaraq qərbdəkilərin "kiçik bacı"larının Rusiyadan heç nə ilə fərqlənmədiyini qeyd etdi. “Dövlətimizin başçısının bəzi diplomatik gedişlərini Sarbonna Universitetinin məzunu Heusgen də öyrənsə pis olmaz. Bu, ən azından gələn il Münxen Təhlükəsizlik Konfransının daha uğurlu təşkilində onun işinə yaraya bilər”, - deyə Sahib Alıyev bildirib.