“Murov” klubu Azərbaycan Yüksək Liqasında çempionluğunu rəsmiləşdirib
Bakı, 18 aprel, AZƏRTAC
Voleybol üzrə Azərbaycan Yüksək Liqasında XIX turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, turun hər iki qarşılaşması “Murov” voleybol klubunun idman zalında təşkil olunub.
Günün ilk qarşılaşmasında "Murov" "Sərhədçi"yə 3:0 (25:12, 25:8, 25:15) hesabı ilə qalib gəlib. Bu nəticədən sonra xallarını 41-ə çatdıran “Murov” sona 1 tur qalmış çempionluğunu rəsmiləşdirib. "Sərhədçi" isə 6 xalla 4-cü pillədə qərarlaşıb.
Turun sonuncu matçında "Neftçi" "Ekspress"i eyni hesabla üstələyib - 3:0 (25:15, 25:14, 25:23). “Neftçi” bu qələbə sayəsində xallarını 36-ya çatdırıb və gümüş medalları təmin edib. Altı xalı olan "Ekspress" isə son pillədə yer alıb.