“Müşahidəçilərin hüquq və vəzifələri” mövzusunda silsilə təlim-seminarlar davam edir
Bakı, 22 yanvar, AZƏRTAC
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən təsdiq olunmuş fəaliyyət planına uyğun olaraq Ombudsman Aparatı tərəfindən “Müşahidəçilərin hüquq və vəzifələri” mövzusunda canlı və onlayn qaydada təlim-seminarları davam etdirilir.
Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, növbəti belə təlim-seminar, Ombudsmanın Regional mərkəzlərinin və Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları üçün onlayn qaydada keçirilib.
Təlim zamanı Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı seçkiyə hazırlıq məqsədilə maarifləndirmə tədbirlərinin paytaxt və regionları əhatə etdiyini bildirib. O, seçki prosesində müşahidəçilik institutunun əhəmiyyəti barədə məlumat verib, bu institutun seçki prosesi zamanı yarana biləcək çatışmazlıqların aradan qaldırılmasındakı rolunun əhəmiyyətinə toxunub.
Sonra Ombudsman Aparatının Beynəlxalq əməkdaşlıq və vətəndaş cəmiyyəti institutları əməkdaşlıq şöbəsinin sektor müdiri Mahir Məmmədov “Müşahidəçilərin hüquq və vəzifələri” mövzusunda onlayn təlim keçib.
Təlimdə müşahidə aparılması qaydaları, müşahidəçilərin onların hüquqları və vəzifələri, seçki qanunvericiliyinin pozulmasına görə məsuliyyət və qanunvericilikdə təsbit olunmuş digər məsələlərlə bağlı məlumat verilib.
Təlim zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.