Musiqişünas Ləman Əsədova: Pedaqoji qiraət məktəb-studiyanın zəngin ənənələrinə söykənir
Bakı, 16 fevral, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kiçik zalında ixtisas musiqi məktəb-studiyasının müəllimləri pedaqoji qiraət təqdim edib. Tədbir Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tərlan Seyidovun əziz xatirəsinə həsr olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən ixtisas musiqi məktəb-studiyasının direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevda Məmmədova T.Seyidovun Azərbaycan musiqi təhsilindəki xidmətlərini, onun pedaqoji və elmi fəaliyyətinin əhəmiyyətini vurğulayıb.
İxtisas musiqi məktəb-studiyasının elmi-metodiki işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Baxşiyeva, məktəb-studiyanın müəllimi, böyük elmi işçisi Şəfəq Hacıyeva, elmi işçisi və müəllimi Günay Məhyaddinli, müəllimləri Rəna Məmmədova və Esmiralda Cəbrayılbəyova mövzu ilə bağlı mühazirələrlə çıxış ediblər.
Üzeyir Hacıbəyli adına BMA-nın ixtisas musiqi məktəb-studiyasının kiçik elmi işçisi, musiqişünas Ləman Əsədova agentliyə açıqlamasında deyib ki, pedaqoji qiraət məktəb-studiyanın zəngin ənənələrə söykənərək müasir elmi və yaradıcılıq axtarışlarını uğurla davam etdirir.
“Professor Tərlan Seyidovun əsasını qoyduğu bu nəcib ənənə bu gün də yaşayır, inkişaf edilir və gənc nəslin musiqi təfəkkürünün formalaşmasına mühüm töhfə verir. Tədbir həm elmi müzakirə platforması, həm də musiqi sənətinə ehtiramın ifadəsi kimi yadda qalıb. 1980-ci ildə Tərlan Seyidov tərəfindən əsası qoyulan Məktəb-studiya bu günədək fəaliyyətini uğurla davam etdirərək özünəməxsus ideyaları və innovativ layihələri ilə seçilir. Ustadın formalaşdırdığı zəngin pedaqoji ənənələr hazırda Sevda Məmmədovanın rəhbərliyi ilə layiqincə yaşadılır və inkişaf etdirilir. Qeyd edək ki, pedaqoji qiraət ənənəsinin əsası da məhz professorun təşəbbüsü ilə qoyulub”,- deyə o əlavə edib.