“Müstəqillik uğrunda mübarizə - 20 Yanvar” mövzusunda sərgi açılmışdır
Bakı, 16 yanvar (AZƏRTAC). Yanvarın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) sərgi zalında 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş “Müstəqillik uğrunda mübarizə - 20 Yanvar” mövzusunda sərgi açılmışdır.
AZƏRTAC xəbər verir ki, tədbirdə MEK-in direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli çıxış edərək hər il kitabxanada ənənəvi olaraq 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş sərgilərin təşkil edildiyini bildirmişdir. Qeyd edilmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə azadlıq mübarizəsinə qalxmış günahsız insanlar sovet qoşunları tərəfindən ağır texnika və avtomat silahlarla gülləbaran edilmiş, qanlı faciə törədilmişdir.
A.Əliyeva bu faciənin keçmiş sovet imperiyasının Azərbaycan xalqına, onun milli mənliyinə, azadlıq ruhuna qarşı törədilmiş dəhşətli bir cinayət olduğunu söyləmişdir. Vurğulanmışdır ki, imperiya rəhbərliyinin bu cinayətkar əməli xalqımızın əzmkar iradəsini, azadlıq uğrunda mübarizəsini qıra bilməmiş, qanlı 20 Yanvar xalqımızın tarixində həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Məhz bu əzmin, mübarizənin sayəsində xalqımız azadlığına qovuşmuşdur.
Diqqətə çatdırılmışdır ki, 20 Yanvar hadisələrinə ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verilmişdir. Bu gün də 20 Yanvar şəhidlərinin ailələri dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı ilə əhatə olunmuşdur.
Tədbirdə AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyeva çıxış edərək bildirmişdir ki, xalqımız çoxəsrlik tarixində zaman-zaman müstəqilliyi və azadlığı uğrunda qəhrəmanlıqla mübarizə aparmışdır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet rəhbərliyinin əliyalın, dinc əhaliyə qarşı həyata keçirdiyi dəhşətli faciə xalqımızın azadlıq əzmini sındıra bilməmişdir.
G. Baxşəliyeva 20 Yanvarın xalqımızın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu söyləmişdir.
Qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyev 20 Yanvar faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm səylər göstərmişdir. Ulu Öndərin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransının əhəmiyyətindən, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində dövlətimizin gördüyü işlərdən danışan Milli Məclisin deputatı vurğulamışdır ki, məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bu hadisəyə hüquqi-siyasi qiymət verilmişdir.
On beş gün davam edəcək sərgidə Azərbaycan, rus, Qərbi Avropa və Şərq dillərində 20 Yanvar faciəsini əks etdirən 250-dən artıq kitab, jurnal, sənəd, fotoşəkil, videomateriallar və virtual görüntülər nümayiş olunur.