Mütəxəssis: Həzm sistemini əhatə edən əməliyyatlardan sonra oruc tutmaq tövsiyə olunmur
Bakı, 3 aprel, AZƏRTAC
Cərrahi müdaxilələrdən sonra orqanizmdə bir çox dəyişiklik müşahidə edilir. Maddələr mübadiləsi və həzm sistemində ortaya çıxan bu yeni nizamın orqanizmə qısa və uzun müddətdə fərqli təsirləri var.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Cərrahiyyə kafedrasının müəllimi, cərrah Toğrul Məhərrəmov deyib.
Onun sözlərinə görə, müxtəlif əməliyyatlardan sonra qısa və uzun müddətdə nəzərə alınmalı bəzi məqamlar yeni yaranan bədən nizamının sağlam olmasını təmin edə bilər: “Cərrahi əməliyyatlardan sonra yaxşı istirahət və qidalanma vacibdir. Bu kimi hallarda maddələr mübadiləsi təxminən 3-4 həftə sonra normala yaxın səviyyəyə qayıdır. Əməliyyatdan sonra xəstələr əvvəlki pəhrizə və ya oruc tutmağa davam edə bilər”, - deyə vurğulayıb.
Cərrah həzm sistemini əhatə edən əməliyyatlardan sonra vəziyyətin çox fərqli olduğunu deyib: “Qida borusu, mədə və onikibarmaq bağırsaq əməliyyatlarından sonra uzun müddət ac qalıb birdən çox miqdarda yemək istehlak etmək zərərli ola bilər. Həmin növ əməliyyatlardan təxminən bir il sonra oruc tutmaq mümkündür. Nazik və yoğun bağırsaq əməliyyatı keçirən xəstələrin əməliyyatdan 2-3 ay sonra oruc tutmağı daha məqsədəuyğundur. Hemoroid, çat və buna bənzər düz bağırsaq problemləri səbəbindən əməliyyat olunan pasiyentlərin sağalması və sağlam defekasiya funksiyalarını yerinə yetirməsi üçün onlarda ishal və qəbizlik olmamalıdır. Həmin xəstələrin gündə 3 dəfə yemək yeməsi, hər yeməkdə bol bitki lifi və su içmələri tövsiyə edilir.
Ən çox edilən əməliyyatlardan biri də öd kisəsi əməliyyatıdır. Öd kisəsi çıxarılan xəstələrin qida rasionunda heç bir qadağa yoxdur, lakin bu xəstələrdə uzun müddətli aclıq mədə xəstəliklərinə səbəb olduğu üçün tez-tez qida istehlak edilməlidir. Ümumiyyətlə cərrahi əməliyyatı Ramazan ayına təsadüf edən xəstələr orucla bağlı həkimlə məsləhətləşməlidir”.