Muxtar respublikada istehlakçıların təbii qazla təchizatına ciddi nəzarət olunur
Naxçıvan, 25 dekabr, AZƏRTAC
Muxtar respublika əhalisinin enerji təhlükəsizliyinin təmin olunması istiqamətində işlər Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti tərəfindən noyabr ayında da ardıcıl şəkildə həyata keçirilib.
Xidmətdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ötən ay yaşayış məntəqələrinin və istehsalat sahələrinin təbii qazla təminatını həyata keçirmək üçün bir sıra işlər görülüb.
Hesabat ayında muxtar respublikanın şəhər və rayonlarından daxil olan müraciətlərə əsasən “Naxçıvanqaz Servis” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 156 mənzil (ev) və müxtəlif təyinatlı obyektlər qazlaşdırılıb ki, bunun da 146-sı əhali və 10-u qeyri-əhali abonentlərdir. Naxçıvan şəhərində mexaniki qaz sayğaclarının smartkart tipli qaz sayğacları ilə əvəz olunması istiqaməti üzrə işlər davam etdirilib, dekabrın 1-dək 20 min 454, o cümlədən cari ilin noyabr ayında 36 qaz sayğacı quraşdırılıb. Bu işlər davam etdirilir.
Noyabr ayında Qaz İstismar Xidmətinə tabe şəhər, rayon Qaz İstismar idarələrinin qəza-dispetçer sahələrinin 24 saat aktiv olan 104 nömrəli qaynar xəttinə təbii qaz istehlakçılarından qazsızması, qaztənzimləyicilərin nizamlanması, elektron sayğacların kilidə düşməsi və qəza-bərpa işlərinə görə, ümumilikdə, 1141 çağırış daxil olub. Ay ərzində muxtar respublika qaz şəbəkəsində 582 ədəd qazsızması aşkarlanıb, texniki istismar və təhlükəsizlik qaydalarının tələblərinə müvafiq olaraq aradan qaldırılıb. Qaz boru xətlərinin yerinin dəyişdirilməsi, yaşayış binalarında təmir-tikinti, korroziyaya uğramış yeraltı yol, qapı keçidlərinin yerüstü keçidlərlə əvəz edilməsi işlərinin görülməsi üçün müxtəlif diametrli polietilen və dəmir borulardan istifadə olunub. Eyni zamanda, yerli qaz istismar idarələrinin işçiləri tərəfindən qaz cihazlarından təhlükəsiz istifadə qaydaları haqqında abonentlər arasında maarifləndirmə və izahat işi aparılıb.