Muxtar respublikada sabitliyin və təhlükəsizliyin təmin olunması turizmin inkişafına əlverişli şərait yaradır
Naxçıvan, 23 dekabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin Turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələri üçün “Turist marşrutlarına tələblər və marşrutun hazırlanma qaydaları” mövzusunda seminar təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin sektor müdiri Həsən Kərimov çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamına uyğun olaraq tələbələrin peşə hazırlığının yüksəldilməsi məqsədilə departament tərəfindən mütəmadi olaraq müxtəlif formatlı tədbirlər keçirildiyini bildirib.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, özünəməxsus iqlimi, fauna və florası, qədim dini, tarixi, mədəni və təbiət abidələri, ərazidə 250-yə yaxın mineral və müalicəvi əhəmiyyətli su mənbələrinin mövcudluğu, muxtar respublikada sabitliyin və təhlükəsizliyin təmin olunması turizmin inkişafı üçün əlverişli şərait yaradır. Yaradılmış şərait muxtar respublikaya gələn turistlərin mənalı istirahətini təşkil etməyə imkan verir və turistlərin sayının ilbəil artmasına öz müsbət təsirini göstərir.
Turizm Departamentinin əməkdaşı Orxan Cəfərov çıxış edərək turist marşrutlarına tələblər və marşrutun hazırlanma qaydaları haqqında tələbələrə geniş məlumat verib.
Sonda suallar cavablandırılıb, muxtar respublikanın turizm potensialını əks etdirən videoçarx nümayiş etdirilib.