REGİONLAR
Muxtar respublikada taxıl biçini uğurla davam etdirilir
Naxçıvan, 8 iyul, AZƏRTAC
Bu ilin məhsulu üçün muxtar respublikada 36 min 879 hektar sahədə taxıl əkilib. Əkilmiş taxılın 7 min 282 hektarı dəmyə sahələrdədir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, hər il olduğu kimi, bu il də taxıl biçininin optimal müddətdə keyfiyyətlə başa çatdırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilib, hazırlıq işləri görülüb. Belə ki, 107 taxılbiçən kombayn, 295 qoşqu, 301 kipvuran, 81 özüboşaldan avtomaşın, 602 traktor, 38 toxumtəmizləyən aqreqat işlək vəziyyətə gətirilib. Onu da qeyd edək ki, 2019-cu ildə və bu ilin ötən dövründə muxtar respublikada 18 kombayn lizinq yolu ilə fiziki şəxslərə satılıb. Hazırda biçinə cəlb olunan “Dominator Klass”, “New Holland” və “Sampo” markalı müasir kombaynların 93-ü fiziki şəxslərə, 7-si “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinə, 6-sı isə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsusdur.
Məhsul tədarükünün mütəşəkkil həyata keçirildiyi muxtar respublikada taxıl əkini daha çox Babək rayonunda aparılıb. Bölgənin taxılçıları 11 min 767 hektar sahədə taxıl yetişdiriblər. Ən yüksək məhsuldarlıq isə hələlik Sədərək rayonuna məxsusdur. Belə ki, bölgədə iyulun 6-sı tarixinə məhsuldarlıq 36,4 sentner təşkil edib. Ümumilikdə, adıçəkilən tarixə 21 min 450 hektar sahədən 65 min 546 ton məhsul tədarük olunub.