Muxtar respublikanın səhiyyə müəssisələrində qış mövsümünə hazırıq işləri görülür
Naxçıvan, 31 avqust, AZƏRTAC
2020-2021-ci illərin qış mövsümündə muxtar respublikada 78 tibb müəssisəsi fərdi, 131 müəssisə mərkəzi istilik sistemi ilə, 13 müəssisə neft sobası, 1 müəssisə təbii qazla qızdırılacaq.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, keçən illərdə olduğu kimi, bu il də qışa hazırlıq məqsədilə bütün elektrik xətləri, transformator, generatorlar, istilik və su xətləri müvafiq qurumlar və müəssisələrin özləri tərəfindən yoxlanılır və çatışmazlıqlar aradan qaldırılır.
Bu gün muxtar respublikada ən son yenilikləri özündə əks etdirən avadanlıqlarla təchiz olunmuş tibb ocaqlarının istifadəyə verilməsi davam etdirilir. Təkcə son 6 ay ərzində Culfa Rayon Mərkəzi Xəstəxanası yenidənqurma və təmirdən sonra ehtiyac olan bütün növ tibbi avadanlıq və cihazlarla təchiz edilib. Ordubad rayonunun Vənənd Kənd Həkim Ambulatoriyası, Şərur rayonunun Məmmədsabir Kənd Həkim Ambulatoriyası və Muğancıq-Mehrab feldşer-mama məntəqəsi yeni tikilərək, bütün növ tibbi avadanlıq və inventarlarla təchiz edilərək istifadəyə verilib. Yeni səhiyyə müəssisələri istilik sistemi ilə təchiz edilir, payız-qış mövsümünə hazır vəziyyətə gətirilir. Bu səbəbdən də son illər qış mövsümü üçün ehtiyac olan yanacaq və mal-materiala tələbat keçən illərə nisbətən xeyli azalıb.