Muzeydə 20 Yanvar faciəsinə həsr olunan elmi sessiya
Bakı, 18 yanvar, Pərvanə İmanova, AZƏRTAC
Yanvarın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Azərbaycan ədəbiyyatında və mədəniyyətində 20 Yanvar faciəsi” mövzusunda elmi sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov “Şəhidliyin ədəbi salnaməsi” mövzusunda məruzəsində 20 Yanvar hadisələrinin elmi, siyasi, tarixi və fəlsəfi mahiyyətindən söz açıb. Bildirilib ki, həmin gecə törədilmiş qanlı cinayət xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilməyib, əksinə, xalq yenilməzliyini və qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizəsini bütün dünyaya bəyan edib. Məhz 20 Yanvar hadisələri xalqımızın öz milli azadlığına qovuşmasına təkan verib.
Vurğulanıb ki, qanlı hadisənin ertəsi günü xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gedərək mətbuat konfransında bu vəhşiliyi qətiyyətlə pisləyib, qətliamın başvermə səbəblərini açıqlayıb, təşkilatçıların, günahkarların adlarını cəsarətlə dünyaya bəyan edib.
R.Hüseynov həmin dövrdə ədəbiyyatımızda şəhidliyin ədəbi salnaməsinin yaradılmasından, 20 Yanvar və şəhidlər mövzusu ilə bağlı qələmə alınan nümunələrdən söz açıb. Qeyd edilib ki, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan əsərlər arasında xalq şairləri Bəxtiyar Vahabzadənin, Qabilin, Xalq Yazıçısı Anarın, yazıçı-publisist Rafiq Səməndərin yaradıcılığı xüsusi məna daşıyır. Bu əsərlər ədəbiyyatımızda şəhidlik fəlsəfəsinin tarixi yolunu əks etdirən və ədəbi salnaməsini yaradan sənədlər toplusudur və onların Azərbaycan şəhidliyinin ədəbi salnaməsində özünəməxsus yeri vardır. Vurğulanıb ki, ədəbiyyatımızda bu mövzuda müxtəlif janrlarda yazılan əsərlərin nəşri davam etdirilməli və zənginləşdirilməlidir.
Tədbirdə muzeyin əməkdaşlarının “Azərbaycan poeziyasında 20 Yanvar mövzusu”, “Rusdilli Azərbaycan poeziyasında 20 Yanvar faciəsi”, “Qəhrəmanlıq tarixinin parlaq səhifəsi” mövzularında məruzələri dinlənilib.