Naftalan və İvaniç-Qrad şəhərləri dostluq əlaqələri qururlar
Naftalan, 14 iyun, Elcan Məmmədov, AZƏRTAC
Naftalan ilə Xorvatiyanın İvaniç-Qrad şəhərləri arasında əməkdaşlıq xartiyasının imzalanması ilə əlaqədar tədbir keçirilib.
Naftalan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, İvaniç-Qrad şəhərində səfərdə olan Naftalanın nümayəndə heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyublar.
İvaniç-Qrad Şəhər Şurasının böyük zalında keçirilən tədbirdə Naftalan şəhər nümayəndə heyəti və Azərbaycanın Xorvatiyadakı səfirinin birinci katibi Zaur Abbasov iştirak ediblər.
Hər iki şəhər arasında dostluq və əməkdaşlıq haqqında xartiya imzalanıb. Sənədi Azərbaycan tərəfindən Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və Xorvatiya tərəfindən İvaniç-Qrad şəhərinin meri Javor Bojan Leš imzalayıb.
Xartiyanın imzalanması şəhərlər arasında humanitar, mədəni və turizm əlaqələrinin inkişafına və hər iki dost şəhərin sakinləri arasında münasibətlərin qurulmasına töhfə verəcək.
Günün sonunda ikitərəfli görüş keçirilib. Görüşdə vurğulanıb ki, xartiyanın imzalanması xalqlarımızın daha da yaxınlaşmasına, oxşar dəyərlərin paylaşılmasına geniş imkanlar yaradacaq. Həmçinin görüşdə Naftalan və İvaniç-Qradın oxşar şəhərlər olması, iki şəhər arasında turizm sahəsində davamlı və faydalı əlaqələrin yaradılmasının əhəmiyyəti qeyd olunub.
İvaniç-Qrad şəhərinin meri və nümayəndə heyəti Azərbaycana, Naftalan şəhərinə dəvət edilib.