Naftalanda ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü qeyd edilmişdir
Bakı, 8 may (AZƏRTAC). Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü respublikamızın hər yerində olduğu kimi, Naftalan şəhərində də geniş qeyd edilmişdir.
Tədbirdə şəhərin idarə, müəssisə və təşkilatlarının, hüquq mühafizə orqanlarının rəhbərləri ilə yanaşı, ictimaiyyətin nümayəndələri, eləcə də Naftalana istirahət və müalicə üçün gələn qonaqlar da iştirak etmişlər.
Tədbir iştirakçıları Ulu Öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar.
Naftalandakı Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə şəhər icra hakimiyyətinin başçısı Natiq Aslanov Ümummilli Liderin Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışmışdır. Diqqətə çatdırılmışdır ki, bu gün Azərbaycanın əldə etdiyi uğurlar, beynəlxalq miqyasda qazandığı nüfuz məhz Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsidir.
Sonda məktəblilər arasında “Nəsillərə nümunə olan həyat yolu” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılmış, eləcə də Yeni Azərbaycan Partiyasının yeni üzvlərinə vəsiqələri təqdim olunmuşdur.
Daha sonra məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir.
Tədbir konsert proqramı ilə davam etmişdir.