Narkomanlıq probleminə dair növbəti treninq Nərimanov rayonunda təşkil edilib
Bakı, 17 noyabr, AZƏRTAC
Noyabrın 17-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə imzalanmış Tədbirlər Planının müvafiq bəndinin icra edilməsi məqsədilə Nərimanov rayonunun ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinlərinə, sinif rəhbərlərinə və məktəb psixoloqlarına narkomanlıq probleminə dair treninq keçirilib.
Bu barədə AZƏRTAC-a Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupundan məlumat verilib.
Tədbirdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri iştirak edərək təqdimat əsasında narkotik asılılığın yaranma səbəbləri, narkotik maddələrdən psixi və fiziki asılılıq, davranışlarda baş verən dəyişikliklər, narkomaniyaya qarşı mübarizədə pedaqoqun və fənn müəlliminin, psixoloqların bu problemə dair qabaqlayıcı tədbirlər görməsi və digər məsələlər barədə geniş məlumat verilib.
Treninqdə iştirakçılara Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanan sertifikatlar, eyni zamanda, psixoaktiv maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, profilaktik tədbirlərə dair fəaliyyət planı və digər zəruri məlumatları özündə əks etdirən metodik tövsiyələrə dair kitabça təqdim olunub.