NARKOTİK QAÇAQMALÇILARI DƏSTƏSİ ZƏRƏRSİZLƏŞDİRİLMİŞDİR
Şəxsiyyətləri istintaqa məlum olmayan, özlərini Səfər, Məmmədəli, Behnam kimi təqdim etmiş İran İslam Respublikasının vətəndaşları, eləcə də Azərbaycan Respublikasının Astara rayon sakini, 1974-cü il təvəllüdlü Əliyev Ayaz Zakir oğlu, Naxçıvan Muxtar Respublikasının sakinləri – 1963-cü il təvəllüdlü Bayramov Abbasəli Adil oğlu, 1964-cü il təvəllüdlü Mustafayev Elsevər Musa oğlu, 1967-ci il təvəllüdlü Tağıyev Mirheydər Mirtağı oğlu satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətirmişlər.
Müəyyən edilmişdir ki, Ayaz Əliyev bu il aprelin ortalarında İranda olarkən Səfər, Məmmədəli və Behnam ilə cinayət əlaqəsinə girərək, onların İran ərazisində əldə edib qaçaqmalçılıq yolu ilə həmin ölkədən Azərbaycana göndərəcəkləri külli miqdarda narkotik vasitəni Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində satmaq barədə razılığa gəlmişlər.
Eyni zamanda, Mirheydər Tağıyev və Abbasəli Bayramov da Səfər və Məmmədəliyə onlar üçün İran ərazisindən külli miqdarda narkotik vasitə əldə edib Azərbaycan Respublikasına göndərilməsini sifariş vermişlər.
Səfər və Məmmədəli İran ərazisində əldə etdikləri narkotik vasitələri -18 kiloqramdan artıq həşişi və 150 qramadək heroini Azərbaycana keçirmək üçün 2006-cı il mayın 2-də İranın Aslandüz adlanan ərazisində şəxsi avtomaşını ilə Bakıdan Naxçıvana yanacaq materialları daşıyan Elsevər Mustafayevə vermişlər. Sonuncu da həmin narkotik vasitələri idarə etdiyi “MAZ” markalı yük maşınının qoşqusunda əvvəlcədən hazırlanmış gizli saxlanc yerində gizlətmiş, mayın 4-də Biləsuvar gömrükxanasından keçirərək, Salyan rayonunun Yenikənd kəndinə gətirmişdir.
Görülmüş əməliyyat tədbirləri ilə Elsevər Mustafayevin idarə etdiyi avtomaşın saxlanılmış, baxış zamanı gizli saxlanc yerindən yuxarıda qeyd edilən külli miqdarda narkotik vasitələr aşkar olunaraq götürülmüşdür.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4-cü (mütəşəkkil dəstə tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işi başlanılmış və Elsevər Mustafayev, Mirheydər Tağıyev, Abbasəli Bayramov, Ayaz Əliyev təqsirləndirilən şəxs qismində cəlb olunmuş, onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.