Narkotikdən “12 addım”a qurtulan direktor, “ağ ölüm”dən xilas olmaq istəyən 20 illik istifadəçi - REABİLİTASİYA MƏRKƏZİNDƏN REPORTAJ VİDEO
Bakı, 27 oktyabr, Aytac Haqverdiyeva, AZƏRTAC
Narkomaniyanı müasir cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran təhlükə mənbəyi olduğunu kimsə inkar edə bilməz: Ən qorxulu xəstəliklər, nakam talelər, dağılmış ailələr, hər cür bədbəxtliklər, yarımçıq arzular və daha nələr. Bunların hamısının bir müəllifi var: narkomaniya. Bu, elə bir bəladır ki, düçar olan insanın düşüncəsini pozur, beyinin funksiyasını dayandırır və asılılıq yaradır...
AZƏRTAC-ın əməkdaşları “ağ ölüm” adlandırılan narkomaniya bəlası ilə bağlı material hazırlayıb. Həmin yazını təqdim edirik.
Məşhurluqdan narkotikə...
Bakıdakı reabilitasiya mərkəzlərinin birində müalicə alan, 20 ildən artıqdır narkotikdən istifadə edən Cavid Əhmədovun uşaq vaxtlarından meyxanaya marağı olub. Ətrafındakı insanlar onun bu sahədə istedadı olduğunu deyiblər. O, meyxanadakı istedadını televiziya kanallarının birində nümayiş olunan proqramda izləyicilərlə bölüşərək həmin yarışda ikinci yeri qazanıb. Təəssüf ki, başına gələcək hadisələr onun məhz bu uğurundan sonra başlayıb:
“Televiziya proqramından sonra olduqca böyük məclislərə dəvət alırdım. Həmin vaxtlar qismən məşhurluğun və pulun gətirdiyi dostlarım məclislərdə sıxılmamağım üçün mənə narkotik maddə təklif edirdilər. Həmin vaxtlar düşünürdüm ki, deyişmələrdə daha yaxşı olmağım üçün az miqdarda qəbul etsəm kifayət edər. Təbii ki, belə olmadı. Həyatımı puç edəcək sona öz ayaqlarımla addım-addım yaxınlaşdım. Narkotik məndən sadəcə sağlamlığımı almadı”.

Cavid narkotik vasitə qəbul etdiyi üçün məhkumluq həyatı da yaşayıb. “Belə bir söz var ki, dəmir barmaqlıqlar arxasında olanda adamın düşünməyə və peşman olmağa vaxtı çox olur. Sözsüz ki, məhkum olduğum müddət ərzində narkotik istifadə edə bilmirdim. Həmin vaxtlar yaşadığım ağrılar, narkotik vasitələr səbəbindən bədənimdə yaranan xəstəliklər məni müalicə almağa sövq etdi. Ümumiyyətlə, istifadə etdiyim 20 il ərzində, bəlkə də, bu zəhrimarı 100 dəfə tərgitmək istəmişəm”, - deyən Cavid narkotiki həm də xəstəlik adlandırır. Müalicəsi sadəcə insanın özündən və iradəsindən asılı olan xəstəlik...
“Sevdiyim meyxana da mənim üçün mənasız idi”
O deyir ki, narkotik vasitələrdən istifadə etdiyi anlarda müəyyən qədər fiziki rahatlıq hiss etsə də, daha çox vicdan əzabı çəkib: “Lakin keçirdiyim heç bir hiss narkotiki tərgitmək, bu bəladan qurtulmağa kömək etmirdi. Sözlər, andlar mənə mənasız və boş gəlirdi. Həmin anlar cəmiyyətdən uzaqlaşmaq istəyirdim. Dəyər verdiyim insanlar, sevdiyim və uşaqlıqdan hər kəsin istedadlı olduğumu düşündüyü meyxana da artıq mənim üçün mənasız idi”.
Cavid narkotik qəbul edən insanların zəif psixologiyaya malik olduğunu düşünür. Narkotik asılılığından qurtulmağın heç vaxt gec olmadığını deyir. Onun fikrincə, bunun üçün insana ən əsası səbir, dözüm, sağlam iradə və güclü psixologiya lazımdır.
Narkotik səbəbindən sağlamlığında yaranan ağrıların, xəstəliklərin dözülməz olduğunu deyən Cavid hətta zehni qabiliyyətlərini tamamilə itirdiyini də efiraf edib: “Bilirsiniz, meyxana bədahətən deyilən bir sənətdir. Uşaq vaxtından meyxanada xüsusi qabiliyyətim var idi. Lakin indi meyxana sənəti ilə bağlı demək olar ki, bir çox məqamı unutmuşam”.
“Cəmiyyətin istifadəçiləri “canavar” kimi tanımağı müalicədə yaranan ən böyük problemlərdən biridir”

“Cəmiyyətin istifadəçiləri “canavar” kimi tanımağı müalicədə yaranan ən böyük problemlərdən biridir”
Təbii ki, dünyada və cəmiyyətimizdə bu bəladan xilas olub normal həyata qayıdan insanların da sayı az deyil. Söhbətləşdiyimiz şəxslərin müalicə aldığı reabilitasiya mərkəzinin direktoru Anday Ağayev də məhz belə şəxslərdəndir. Vaxtilə ağır formalı narkotik istifadəçisi olan Anday söhbətimiz zamanı cəmiyyətdə bu cür asılı insanlara qarşı yanaşmadakı yanlış məqamları qeyd etdi. Onun danışdıqlarından belə qənaətə gəlmək olar ki, cəmiyyətin istifadəçiləri “canavar” kimi tanımağı müalicə prosesində yaranan ən böyük problemlərdən biridir. A.Ağayev bildirib ki, buradakı əsas məsələlərdən biri də ailələrin həmin insanlara yanaşma üslubudur: “Bəzən mərkəzə müraciət üçün zəng edən valideynlər öz övladları haqda heç də yaxşı danışmırlar. Sözsüz ki, heç bir valideyn övladını bu vəziyyətdə görmək istəməz. Ancaq müəyyən mənada uşaqların indiki hala gəlməsində valideyn sevgisizliyinin rolu böyükdür”.
Söhbət zamanı Anday Ağayev asılılıq müddətinin ən ağır vaxtlarından da danışıb. Bu bəladan xilas olmaqda onun ən böyük yardımçısı Tanrı sevgisi və inancı olub. Bütün yaxınlarının onu narkotikdən uzaqlaşdırmaq istəyinə baxmayaraq, sağlam iradənin formalaşmadığı həmin müddət ərzində bu mümkün olmayıb. “Narkotik istifadəsi yanlış dost seçimi ilə başlayır və sonda elə bir məqam yaranır ki, artıq həmin yanlış dost özün olursan”, - deyən həmsöhbətimiz istifadədən qurtulmaq üçün əsas şərtin özün üçün səbəb axtarmaq olduğunu qeyd edir.

Anday bu səbəbi öz Tanrı inancında tapıb: “Burada əsas məsələ Allahdan qorxmaq deyil, ona güvənmək və sığınmaqdır. Bir çox mərkəzdə olduğu kimi bizim də reabilitasiya mərkəzində tətbiq edilən Bil Vilsonun (Wilson) “12 addım proqramında” dini prinsiplərə əsaslanan mənanı müşahidə etmək olur”.
Narkotiki tərgitmək istədiyi vaxtlarda keçirdiyi hissləri bizimlə bölüşən Anday həmin dövrlərdə buna görə hətta ağladığını da deyir: “Bəzən bütün nəsil yığışıb bir narkotik istifadəçisini ram edə bilmir. Çünki onlar həmin şəxsi anlamaqda çətinlik çəkirlər. Təbii ki, bu normal haldır. İstifadəçiləri müalicə olunacağına və eynilə tam sağalmaq şansına inandırmaq lazımdır. Bunun üçün onlara narkotik bəlasından qurtula bilən insanları nümunə göstərmək olar”.
Onun sözlərinə görə, narkotik istifadəçilərinə psixoloq dəstəyi yalnız müəyyən qədər kömək edə bilir: “Bəzi məqamlarda istifadəçilərin problemi sadəcə asılılıq olmur. Orada fərqli nüanslar var. Həmin problemlər psixoloji dəstəklə müalicə edilə bilir. Lakin düşünürəm ki, müalicə prosesində onların yanında həmin şəxslərin yaşadıqlarını başa düşən birinin iştirak etməsi daha vacibdir. Elə mənim özümə də əvvəllər narkotik istifadə edib sonra tam sağalan biri dəstək olub”.
“12 addım”lıq sirr
Anday “12 addım” proqramının əsas prinsipi haqda da məlumat verib. Proqram keçən əsrin 30-cu illərində Anonim Əyyaşlar Cəmiyyəti tərəfindən yaradılıb. Qrup keçmiş alkoqol aludəçisi Bill Vilson tərəfindən qurulub və ilkin olaraq alkoqolizmlə mübarizə üçün nəzərdə tutulsa da, əyyaşların müalicəsi istiqamətindəki uğurlu nəticələri səbəbindən digər asılıların üzərində tətbiq olunmağa başlanıb. Burada əsas nüans Bill Vilsonun da bir zamanlar ağır əyyaşlıqdan əziyyət çəkməsidir. O, əyyaşlıqdan əziyyət çəkənləri yalnız onları başa düşən, anlayan şəxslərin qurtara biləcəyinə inanıb.
Anday müalicədə təslim olmağın əsas şərt olduğunu düşünür. Asılı özünün narkotik vasitələri qarşısında aciz olduğunu qəbul etməli, daha sonra istifadəni dayandıraraq təslim olmalıdır. O, bir asılı üçün kömək istəməyin ağır olduğunu da deyib: “İstifadəni tam dayandırdıqdan və müalicə yekunlaşdıqdan sonra ilk 37 gün ərzində adamda ani emosional dəyişikliklər olur. Bu anlar valideynlər onlara dəstək göstərməlidir. Burada söhbət həm fiziki, həm də mənəvi dəstəkdən gedir”.
“802 qaynar xətt”i
Qeyd edək ki, Azərbaycanda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası fəaliyyət göstərir. Dövlət Komissiyasının əsas vəzifələri narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının dövlət siyasətinin həyata keçirilməsini təmin etməkdən, bu sahədə dövlət orqanlarının və ictimai birliklərin fəaliyyətini əlaqələndirməkdən ibarətdir. Komissiyanın “802 qaynar xətt” telefon xidməti fəaliyyət göstərir.