SİYASƏT
NATO CƏNUBİ QAFQAZDA ƏMİN-AMANLIQ YARADILMASINDA MARAQLIDIR
Tbilisinin “Şeraton-Metexi” mehmanxanasında Gürcüstan parlamentinin və NATO Parlament Assambleyasının təşəbbüsü ilə beynəlxalq seminar keçirilmişdir. Tədbirdə Gürcüstan, Böyük Britaniya, Hollandiya, Belçika, İtaliya, Almaniya, Macarıstan, Polşa, İspaniya və digər Avropa ölkələrinin parlament və hökumət nümayəndələri iştirak etmişlər.
Seminarda Azərbaycanı Milli Məclisin deputatları Zahid Orucov və Rəfael Qafarov, habelə ölkəmizin Gürcüstandakı səfiri Hacan Hacıyev təmsil edirdilər.
Seminarı Gürcüstan parlamentinin sədri Nino Burcanadze açaraq, qonaqları səmimiyyətlə salamladı, onlara uğurlu iş arzuladı və öz ölkəsindəki siyasi-iqtisadi vəziyyət, Gürcüstan-Pusiya münasibətləri, bu münasibətlərin normal məcraya salınması üçün hər iki tərəfdən göstərilən səylər barədə məlumat verdi. Gürcüstanın xarici işlər naziri İrakli Menağarişvili gürcü-abxaz və gürcü-osetin münaqişələrinin danışıqlar və sülh yolu ilə nizama salınması üçün ölkə rəhbərliyinin səylərindən, bu problemlərin ədalətlə həllində BMT, ATƏT, NATO kimi yüksək nüfuzlu təşkilatlara böyük ümid bəslədiyindən söz açdı.
Sonra “Cənubi Qafqaz yeni təhlükəsizlik şəraitində”, “Cənubi Qafqazda müdafiə sahəsində islahatlar”, “Cənubi Qafqazda iqtisadi inkişaf və enerji təhlükəsizliyi” və “Cənubi Qafqazda regional münaqişələrin həll edilməsi” mövzularında diskussiyalar başlandı.
Mövzular üzrə diskussiyalarda sədrlik edənlər - Britaniyanın, İtaliyanın, Fransanın və Hollandiyanın NATO-nun Parlament Assambleyasındakı nümayəndə heyətlərinin üzvləri Con Smit, Lusio Malan, Lui Bivar, Vim Van Ekelen qaldırılan məsələlərin müzakirəsinin Cənubi Qafqaz kimi narahat region üçün çox aktual olduğunu vurğuladı, regionun xalqlarını illərdən bəri gərginlik və narahatlıq içində saxlayan milli münaqişələrin dincliklə aradan qaldırılması üçün bir sıra beynəlxalq təşkilatlarla yanaşı, NATO-nun da qüvvə və səylərini əsirgəmədiyindən, müəyyən tədbirlər gördüyündən, onun burada əmin-amanlığın və sülhün bərqərar edilməsində maraqlı olduğundan danışdılar, münaqişə tərəflərini qarşılıqlı güzəştlərə getməyə çağırdılar.
Milli Məclisin deputatı Zahid Orucov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranması səbəblərindən, onun ölkəmiz üçün faciəli nəticələrindən, bu problemin qan tökülmədən, ancaq dincliklə həlli üçün Prezident Heydər Əliyevin qətiyyətlə və inamla səy göstərdiyindən, lakin Ermənistanın daim pozucu mövqe tutduğuna və Azərbaycan üçün qeyri-məgbul şərtlər irəli sürdüyünə görə keçirilən görüşlərin, aparılan danışıqların bir nəticə vermədiyindən danışdı.
Sentyabrın 30-da seminar işini başa çatdırdı.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi