NATO nümayəndə heyəti hərbi hissələrdə olub
Bakı, 9 mart, AZƏRTAC
Ölkəmizə rəsmi səfərə gələn NATO-nun müttəfiq transformasiya komandanının müavini, general Mirko Zulianinin rəhbərlik etdiyi nümayəndə heyəti martın 9-da Hərbi Dəniz Qüvvələrinin bazasında olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, NATO nümayəndə heyətinə hərbi-dəniz bazasının yaranma tarixi, strukturu, fəaliyyəti, hərbi gəmilərin təyinatı və digər məsələlərə dair ətraflı məlumat verilib.
Sonra nümayəndə heyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı taborunda olub. Şəxsi heyətin müxtəlif ölkələrdəki beynəlxalq missiyalarda icra etdikləri tapşırıqlar, təminat və təchizatı, bölmələrin hazırlıq sistemi, o cümlədən sülhməramlı taborun fəaliyyəti barədə məlumat qonaqların diqqətinə çatdırılıb.