NATO-nun Baş katibi: Quranın yandırılması aksiyası İsveçin NATO-da üzvlüyünə mane olmamalıdır
Stokholm, 9 mart, AZƏRTAC
NATO-nun Baş katibi Lens Stoltenberq belə hesab edir ki, İsveçdə “Quran”ın yandırılması aksiyası bu ölkənin NATO üzvlüyünə qəbul edilməsinə mane olmamaldır.
AZƏRTAC İsveç kütləvi informasiya vasitələrinə istinadla xəbər verir ki, NATO-nun Baş katibi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveçdə müqəddəs kitabın yandırılması aksiyasının qadağan edilməsi barədə tələbləri ilə razılaşmadığını bildirib.
Stoltenberq İsveçin SVT telekanalının 30 dəqiqəlik verilişində çıxış edərkən deyib: “Bu məsələ ötən il iyun ayında NATO-nun Madriddə keçirilmiş sammitində İsveç, Finlandiya və Türkiyə arasında bağlanmış sazişə daxil edilmədiyi üçün o, İsveçin NATO üzvlüyünə qəbul edilməsinə mane olmamalıdır”.
Stoltenberq “İsveç öz qanunvericiliyinə dəyişikliklər etməlidirmi?” sualına cavab olaraq bildirib ki, bu barədə İsveçə heç bir məsləhət vermək istəmir.
NATO-nun Baş katibi qeyd edib ki, Türkiyə ilə danışıqlar cümə axşamı yenidən başlanacaq. Stoltenberqin sözlərinə görə, bu görüşün məqsədi onu nümayiş etdirməkdir ki, İsveç və Finlandiya sözügedən saziş bağlanarkən öz üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetiriblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bundan əvvəl bəyan edib ki, Krallıqda “Quran”ın yandırılmasına icazə verilməsinə son qoyulmayınca Türkiyə İsveçin NATO-da üzvlüyü barədə sazişin ratifikasiya olunmasından imtina edəcək.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm