Naxçıvan Dövlət Universitetinin “Enactus” komandası 5-ci dəfə ölkə çempionu olub
Naxçıvan, 17 avqust, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin (NDU) “Enactus” komandası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu, Azərbaycan Tələbə Təşkilatları İttifaqı və “Enactus Azərbaycan”ın təşkilatçılığı ilə keçirilən Azərbaycan milli çempionatının 5-ci dəfə qalibi olub.
Universitetin media və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, “Enactus” komandası müxtəlif illərdə ölkəmizi beynəlxalq yarışlarda təmsil edib. 2011-ci ildə komanda Malayziyanın Kuala-Lumpur şəhərində keçirilən SIFE dünya çempionatında iştirak edib. 2014-cü ildə isə Çində keçirilən dünya çempionatında ölkəmizi təmsil edib. 2023-cü ildə Niderlandın Utrext şəhərində keçirilən dünya çempionatında Azərbaycanı təmsil edən komanda, 2024-cü ildə də Qazaxıstanın paytaxtı Astana şəhərində baş tutacaq dünya çempionatında ölkəmizi təmsil etməyə hazırlaşır.
Qeyd edək ki, “Enactus” çempionatına “Fast EKQ” və “Zeropollution” layihələri ilə qatılan komandamız final mərhələsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandaları ilə mübarizə aparıb.