NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN İNTERNET KİTABXANASI BİNASININ AÇILIŞI
Mərasimə toplaşmış şəhər sakinləri, ziyalılar, müəllim və tələbələr dövlətimizin başçısını səmimiyyətlə və hərarətli alqışlarla qarşıladılar.
Prezident İlham Əliyev binanın açılışını bildirən lenti kəsdi, kitabxananın ayrı-ayrı otaqları, fondu, oxu zalı ilə tanış oldu, İnternet otağında tələbələrlə görüşüb səmimi söhbət etdi, onların qayğıları, problemləri ilə maraqlandı.
Kompüter otağında Naxçıvan Dövlət Universitetinin tarixindən bəhs edən film göstərildi.
Dövlətimizin başçısı kitabxanadakı kompüter avadanlığı ilə də maraqlandı. Bildirildi ki, hazırda kitabxanada 26 ədəd ən müasir kompüter quraşdırılmışdır. Yeni texnologiyanın köməyi ilə kitabxana birbaşa kanal vasitəsilə İnternetə qoşulmuşdur. 1967-ci ildən fəaliyyət göstərən bu ali təhsil ocağının kitabxanasının əvvəlki binasında oxucular üçün müasir şərait olmadığından yeni binanın inşası zərurəti yaranmışdır. Kitabxananın 150 min nüsxəyə yaxın kitab fondu vardır. Qəzet və jurnal fondu isə təxminən 7,8 mindir. Dörd minədək müəllim və tələbə buradan gündəlik istifadə edir. Kitabxananın 260 nəfərlik oxu zalı vardır. Oxucular elektron informasiya vasitələrindən də istifadə edə bilirlər.
Prezident İlham Əliyev Naxçıvan Dövlət Universitetinə layiq kitabxananın yeni binasından, burada yaradılmış şəraitdən razılığını bildirdi.