REGİONLAR
Naxçıvan FHN-in Mülki müdafiə alayına gecə təlimi keçirilib
Naxçıvan, 4 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə alayının şəxsi heyətinin iştirakı “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı zədələnmə ocaqlarında axtarış-xilasetmə, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması” mövzusunda gecə təlimi keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, təlimin keçirilməsində məqsəd şəxsi heyətin döyüş və peşə hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, müxtəlif ekstremal şəraitlərdə, o cümlədən gecə vaxtı baş verən fövqəladə hallara çevik reaksiya vərdişlərinin təkmilləşdirilməsindən ibarət olub.
Təlim zamanı xilasedicilər tərəfindən obyektlərdə baş verən “yanğınlar” söndürülüb, qəza-xilasetmə və digər təxirəsalınmaz işlər aparılıb. Yüksək mərtəbəli binalarda müxtəlif üsullarla “xilasetmə” işləri icra edilib və zərərçəkənlərə “ilk tibbi yardım” göstərilib və təxliyəsi həyata keçirilib. 2 obyektdə, ümumilikdə 7 tədris nöqtəsində, 7 xüsusi təyinatlı texnikanın, işıqlandırma generatorlarının, su nasoslarının və 56 nəfər şəxsi heyətin iştirakı ilə uğurla icra edilən təlimdən sonra əldə edilən nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.