Naxçıvan Müəllimlər İnstitutunda şəhid məzunların xatirəsi yad edilib
Naxçıvan, 14 dekabr, AZƏRTAC
Naxçıvan Müəllimlər İnstitutunda ali təhsil ocağının şəhid məzunları - Kamran Hüseynov və Ruhid İslamlının xatirəsi yad edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, ali təhsil ocağında bu münasibətlə keçirilən tədbirdə əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Himni oxunub. İnstitutun rektoru Azad Novruzov 44 günlük Vətən müharibəsində böyük hünər və şücaət göstərən vətən oğullarından danışıb. Rektor bildirib ki, torpağımıza göz dikən yağı düşməni məhv edərək kənd və şəhərlərimizi işğaldan azad edən və bu yolda şəhidlik zirvəsinə yüksələn igidlər arasında Naxçıvan Müəllimlər İnstitutunun iki nəfər məzun tələbəsi - Kamran Hüseynov və Ruhid İslamlı da olubdur.
İnstitutun prorektoru Çapay Quliyev şəhidlər haqqında geniş məlumat verib, hələ tələbə ikən onların cəsur və çalışqanlığını vurğulayıb.
Tədbirdə, həmçinin hər iki şəhidlə bağlı xatirələr səsləndirilib, tələbələrin təqdimatında şeirlər dinlənilib və şəhidlərə həsr olunmuş kompozisiyalara baxılıb.
Tədbirin sonunda İncəsənət kafedrasının müəllimlərinin və Təsviri incəsənət ixtisası tələbələrinin təqdimatında şəhidlərin xatirəsinə həsr olunmuş sərgiyə baxış olub.