Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvan, 17 may (AZƏRTAC). Mayın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bölgədə səfərdə olan Finlandiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Petri Salo ilə görüşmüşdür.
Qonağı salamlayan Ali Məclisin sədri ümummilli lider Heydər Əliyev kimi böyük şəxsiyyətlərin vətəni olan Naxçıvan Muxtar Respublikasına səfər etdiyi üçün səfirə təşəkkürünü bildirərək demişdir: “Naxçıvan Azərbaycanın tərkibində muxtar dövlətdir. Muxtar respublikanın özünün Konstitusiyası, parlamenti və icra strukturları vardır. Ancaq Naxçıvan Azərbaycanın tərkib hissəsi olduğu üçün müstəqil xarici siyasət həyata keçirmir”.
V.Talıbov səfirin muxtar respublikaya səfərinin səmərəli olacağına əminliyini bildirmişdir.
Petri Salo Azərbaycanın gözəl guşələrindən, inkişaf etmiş regionlarından biri olan Naxçıvana səfərindən məmnunluğunu bildirərək demişdir ki, Finlandiya ilə Azərbaycan dost ölkələrdir. Münasibətlərimiz yüksək səviyyədədir. İki ölkə arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi üçün biz səylə çalışmalıyıq.
Səfir Finlandiyada da Naxçıvan kimi muxtar qurumun olduğunu vurğulamış, muxtar respublikaya səfərinin tanışlıq xarakteri daşıdığını bildirmiş, səmimi görüşə görə təşəkkür etmişdir.
Görüşdə Azərbaycanla Finlandiya Respublikası arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunmuş, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmişdir.
Qonaq ikigünlük səfəri çərçivəsində muxtar respublikanın görməli yerləri, tarixi abidələri, mədəniyyət və istehsal müəssisələri ilə tanış olacaqdır.
######
