NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİNƏ SEÇKİLƏRİN NƏTİCƏLƏRİ TƏSDİQ OLUNMUŞDUR
İclasda noyabrın 6-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərin nəticələri barədə Ali məhkəmənin hakimi Əli Allahverdiyevin məlumatı dinlənilmişdir. Məlum olmuşdur ki, muxtar respublikadakı 45 seçki dairəsi üzrə 236 min 441 nəfər seçici hüququna malik vətəndaşın adları ümumu seçki siyahılarına salınmış və onlardan 137 min 143 nəfəri, yəni 58 faizi seçkilərdə iştirak etmişdir. Səsvermədə iştirak edənlərdən 133 min 771 seçicinin, yəni 97,5 faizinin səsi etibarlı hesab edilmişdir. 45 seçki dairəsini əhatə edən 298 seçki məntəqəsində seçkilərin nəticələrinin ləğv edilməsi üçün qanuni əsas olmamışdır.
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov bildirmişdir ki, seçki günü səsvermə prosesini və səslərin hesablanmasını namizədlərin 435 vəkili, 725 nəfər müşahidəçisi, həmçinin siyasi partiyaların təmsilçisi olan 325 nəfər müşahidəçi izləmışdir. Eyni zamanda, ATƏT və Avropa Şurasından 57 nəfər, MDB-dən 9 nəfər, Türkiyə Böyük Mİllət Məclisindən isə 12 nəfər müşahidəçi Azərbaycan Respublikası Milli Məclisinə və Naxçıvan MR Ali Məclisinə seçkiləri izləmiş, seçkilərin nəticələri ilə bağlı müsbət rəy bildirmişlər. Bütün seçki dairələri üzrə seçkilərin nəticələri müsbət qiymətləndirilmiş və bütovlükdə təsdiq edilmişdir.