Naxçıvan Muxtar Respublikasında “e-rüsum” sisteminin tətbiqi ilə bağlı təlim keçirilib
Bakı, 10 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində “Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)” informasiya sisteminin tətbiqinə dair ikigünlük təlim təşkil olunub.
Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “e-rüsum” üzrə təlim-tətbiq komandasının üzvlərinin iştirakı ilə keçirilən təlimə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin və onun tabeliyində olan qurumların əməkdaşları, həmçinin muxtar respublikada dövlət rüsumlarının tutulması ilə məşğul olan aidiyyəti qurumların nümayəndələri cəlb edilib.
Tədbir zamanı iştirakçılara “e-rüsum” sisteminin yaradılma zərurəti, onun qanunvericilik bazası, texniki imkanları, tətbiq mexanizmləri və istifadə qaydaları geniş şəkildə izah edilib. İnteraktiv formatda keçirilən təlimdə iştirakçıların sualları cavablandırılıb, onların rəy və təklifləri dinlənilib. Eyni zamanda, sistemin tətbiqi zamanı qarşıya çıxa biləcək çətinliklər və onların həlli yolları müzakirə olunub.