Naxçıvanda Beynəlxalq Muzeylər Günü qeyd olunmuşdur
Naxçıvan, 18 may (AZƏRTAC). Naxçıvan Dövlət Tarix Muzeyində Beynəlxalq Muzeylər Günü münasibətilə tədbir keçirilmişdir.
Muzeyin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət İşçisi, Beynəlxalq Muzeylər Şurasının üzvü Nizami Rəhimov demişdir ki, əgər 1997-ci ilədək Naxçıvan Muxtar Respublikasında cəmi 13 muzey fəaliyyət göstərirdisə, hazırda onların sayı 24-ə çatdırılmışdır. Təkcə Naxçıvan şəhərində 12 muzey fəaliyyət göstərir. Son illər ərzində Naxçıvan Dövlət Tarix Muzeyi, Şahbuz, Babək, Sədərək rayonlarında tarix-diyarşünaslıq muzeyləri, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi, Xalça Muzeyi yeni binalara köçürülmüşdür. 1996-cı ildən sonra Naxçıvan şəhərində Heydər Əliyev Muzeyi, Bəhruz Kəngərli Muzeyi, Cəlil Məmmədquluzadənin ev-muzeyi, Şərur rayonunun Cəlilkənd və Babək rayonunun Nehrəm kəndində Cəlil Məmmədquluzadənin xatirə muzeyləri, Ordubad rayonunda akademik Yusif Məmmədəliyevin və M.S.Ordubadinin ev-muzeyləri əsaslı təmir olunmuş, ekspozisiyaları yenidən qurulmuşdur. Ötən il bu sahədə xüsusilə uğurlu olmuşdur. Şahtaxtinskilər muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi yaradılmış, Naxçıvan Dövlət Xalça Muzeyi və Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyi müasir üslubda inşa edilmiş binalara köçürülmüşdür. Bundan başqa, M.S.Ordubadinin Ev-Muzeyi bərpa və yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir. Muzeylərin inkişafı istiqamətində görülən işlər bu il də davam etdirilir. Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi “Qeysəriyyə” binasının bərpa olunaraq istifadəyə verilməsi buna əyani misaldır. Ötən il muzeylərə 5922-dən çox eksponat daxil olmuşdur. Hazırda muxtar respublikanın muzeylərində 107687-dən eksponat mühafizə olunur. Muzeylərimizdə 300-dən çox işçi çalışır. Son illər 10 nəfər muzey işçisi Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülmüşdür.
Çıxışlardan sonra muzeylərə həsr edilmiş sənədli film nümayiş etdirilmişdir.
######
![]() |
![]() |
![]() |
![]() |



