Naxçıvanda “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda müsabiqə elan olunub
Bakı, 12 aprel, AZƏRTAC
Naxçıvanda “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda X muxtar respublika yazı, dekorativ tətbiqi sənət və rəsm müsabiqəsi elan olunub.
Bu barədə AZƏRTAC-a Naxçıvan Gənclər Fondundan məlumat verilib.
Müsabiqə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən uşaqlar, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlar, orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri, gənclər və digər şəxslər arasında keçiriləcək.
Müsabiqədə iştirak etmək istəyən şəxslər təqdim edəcəyi işləri şəxsiyyət vəsiqəsinin surəti və müvafiq anket ilə birlikdə bu ilin mayın 10-dək Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim etməlidirlər. Müsabiqədə bir müəllif 2 işlə iştirak edə bilər.
Müsabiqəyə təqdim ediləcək yazı mətnləri 5-7 səhifə həcmində, A4 formatında, Arial şriftində (14), rəsm əsərləri A4 (21x30 sm) və daha böyük ölçülərdə olmalıdır.
Təqdim edilən dekorativ tətbiqi sənət və rəsm əsərləri müxtəlif formalarda, rəngkarlığın və qrafikanın müxtəlif texnikalarında istənilən material üzərində işlənə bilər. Müsabiqəyə təqdim edilən işlər yeni olmalı, heç bir tədbirdə iştirak etməməlidir.
Müsabiqədə rəsm və yazı nominasiyası üzrə 3 nəfər birinci, 3 nəfər ikinci, 3 nəfər üçüncü və 3 nəfər həvəsləndirici yerləri tutmuş şəxslər münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək və qaliblər 15 May - Beynəlxalq Ailə Günü ilə əlaqədar keçiriləcək tədbirdə müvafiq diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.