Naxçıvanda keçirilən olimpiada və müsabiqə qalibləri mükafatlandırılıb
Naxçıvan, 25 dekabr, AZƏRTAC
Muxtar respublika keçirilən fənn olimpiadasının və “Ürəklərdə yaşayan dahi” mövzusunda inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə təhsil naziri Rəhman Məmmədov çıxış edərək olimpiadaların keçirilməsinin xüsusi istedadlı uşaqların üzə çıxarılmasında, şagirdlərdə fənlərə olan marağın artırılmasında, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrində və peşə seçiminə hazırlanmasında mühüm rol oynadığını diqqətə çatdırıb.
Nazir qeyd edib ki, məktəblilərin muxtar respublika fənn olimpiadası iki mərhələdə keçirilib. IX-XI sinif şagirdləri arasında Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə olimpiadanın I şəhər və rayon mərhələsində 986 şagird öz biliyini sınayıb, onlardan 611-i yüksək nəticə göstərərək final mərhələsində iştirak etmək hüququ qazanıb. Nəticələrə əsasən noyabrın 28-də keçirilən olimpiadanın final mərhələsində, ümumilikdə, 11 şagird birinci, 11 şagird ikinci, 20 şagird isə üçüncü yerlərin qalibi olub.
Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev irsinin gənc nəslə öyrədilməsi, məktəblilərə Vətənə sevgi və məhəbbət hisslərinin aşılanması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələndirilməsi istiqamətində silsilə tədbirlərin davamı olaraq, dekabrın 11-də “Ürəklərdə yaşayan dahi” mövzusunda inşa yazı müsabiqəsi keçirilib. Müsabiqədə muxtar respublika ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan 34 şagird iştirak edib. Onlardan 1 nəfər birinci, 2 nəfər ikinci, 3 nəfər üçüncü, 3 nəfər isə həvəsləndirici yerlərin qalibi olub.
Təhsil naziri Rəhman Məmmədov olimpiada və inşa yazı müsabiqəsinin qaliblərini təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb.
Digər çıxışlardan sonra olimpiadada yer tutan Heydər Əliyev adına Hərbi Liseyin II kurs kursantı Tahir Məhərrəmov, “Ürəklərdə yaşayan dahi” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibi Heydər Əliyev adına tam orta məktəbin XI sinif şagirdi Aysun Cəfərli yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə öz minnətdarlıqlarını bildiriblər.
Sonda qaliblərə diplom və hədiyyələr təqdim olunub.