Naxçıvanda ötən ay 402 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb
Naxçıvan, 11 dekabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən ötən ay 402 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 348 texniki sənəd hazırlanıb, yeni yaranmış 29 daşınmaz əmlak obyektinə ünvan verilib, 64 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb.
Xidmətdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, eyni zamanda, 8 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.
Torpaqların elektron kadastr uçotunun aparılması üçün Şərur rayonunun Çərçiboğan, Sədərək rayonunun Sədərək bələdiyyələri üzrə reyestr məlumatları yeni xəritələrin üzərinə köçürülüb, torpaq reyestrində saxlanılan məlumatlarla uyğunluğu yoxlanılıb.
Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə Şərur rayonunun Maxta, Kərimbəyli, Axaməd, Kürçülü, Kürkənd, Qorçulu və Şəhriyar kəndlərində monitorinqlər başa çatdırılıb.