Naxçıvanda səhiyyə sahəsində iri layihələr həyata keçiriləcək
Naxçıvan, 21 noyabr, AZƏRTAC
Qarşıdakı 2 il ərzində Naxçıvan səhiyyəsində çox mühüm işlər görüləcək, yeni tibbi mərkəzləri yaradılacaq.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasına təşkil edilən mediatur çərçivəsində jurnalistlərlə görüşdə muxtar respublika səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov deyib.
O bildirib ki, Naxçıvan səhiyyəsində həyata keçiriləcək bir çox layihə var. Bunlardan biri Naxçıvan şəhərinin Babək məhəlləsində 30 min insana xidmət edəcək Ailə Sağlamlıq Mərkəzinin istifadəyə verilməsidir. Layihə artıq hazırlanıb və təsdiq edilib. Tikinti işlərinin iki ilə yekunlaşdırılması nəzərdə tutulur. Eyni zamanda, Naxçıvan Təcili Tibbi Yardım Mərkəzinin bazasında muxtar respublikanın Səhiyyə Nazirliyinin tabeliyində təcili tibbi yardım xidməti də yaradılıb. Təcili tibbi yardım maşınlarının qarajının yenilənməsi ilə bağlı ciddi işlər görülüb.
Nazir müavini vurğulayıb ki, həmçinin Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində Treyninq və Simulyasiya Mərkəzi də yaradılacaq.
Samiq Sadıxov onu da bildirib ki, Naxçıvanda yerləşən xəstəxanalarda 400-ə yaxın həkim vakant yeri var. Bu vakant yerlərin həkim heyəti ilə təmin olunması üçün işlər mərhələli şəkildə aparılır.