Naxçıvanda “Snowfest - qış festivalı”na hazırlıq başa çatıb
Naxçıvan, 25 dekabr, AZƏRTAC
Dekabrın 25-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri Naxçıvan şəhərinin Heydər Əliyev prospektinə gəlib, “Snowfest - Qış festivalı”na hazırlıqla bağlı görülən işlərlə maraqlanıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu gündən start götürəcək festival 2024-cü il yanvarın 7-dək davam edəcək. Yeni il şəhərciyi ötən illərdən fərqli olaraq yeni dizaynda və rəngarəng dekorlarla bəzədilib, burada şəhərin ən böyük yolkası quraşdırılıb. Bu gün ərazidə quraşdırılan böyük pavilyonda tanınmış ifaçıların təqdimatında maraqlı konsert proqramı təqdim olunacaq.
Prospektdə quraşdırılan 30-a yaxın köşkdə muxtar respublika sakinlərinə və qonaqlara müxtəlif iaşə xidmətləri göstəriləcək.
Səlahiyyətli nümayəndə təqdim edilən məhsullarla tanış olub. Bildirilib ki, muxtar respublikada fəaliyyət göstərən istehsal və iaşə obyektlərində, eləcə də bölgələrdə fəaliyyət göstərən ailə təsərrüfatları tərəfindən hazırlanan müxtəlif mətbəx nümunələri, şirniyyat və qənnadı məmulatları, fast-fudlar, meyvə şirələri, dəniz məhsulları, çərəzlər, eləcə də müxtəlif əl işləri festival boyunca təqdim olunacaq.
“Heydər Əliyev-100”, “Naxçıvan Muxtar Respublikası-100” və Zəfər tariximizi əks etdirən foto və nəşrlərdən ibarət stendlər Naxçıvan Dövlət Universitetinin kollektivi və Gənclər Fondunun könüllüləri tərəfindən nümayiş etdiriləcək.
Ali təhsil ocağının Memarlıq fakültəsi tələbələrinin təqdim etdiyi layihələrə də baxış olub. Sonra 850 universitet tələbəsinin iştirakı ilə 625 mozaika fotodan ibarət Ulu Öndərin portretini canlandıran fləşmob təqdim edilib.
Tədbirdə iştirak edən gənclər dilək yolkasını səlahiyyətli nümayəndəyə və qonaqlara təqdim ediblər. Yolkanın üzərində Ordubad şəhər internat tam orta məktəbində təhsil alan şagirdlərin Yeni il arzuları əks olunub. Qeyd edək ki, şagirdlər tərəfindən ünvanlanan istəklərin hər biri qarşılanacaq.
Fuad Nəcəfli gənclərlə xatirə fotoları çəkdirib, jurnalistlərin suallarını cavablandırıb.