Naxçıvanda təşkil olunan növbəti interaktiv dərs 200-dən çox ümumtəhsil müəssisəsində izlənilib
Naxçıvan, 31 mart, AZƏRTAC
AMEA Naxçıvan Bölməsində “Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı cinayətlərinin əsas mahiyyəti və pərdəarxası” mövzusunda keçirilən interaktiv dərsi muxtar respublikanın 200-dən çox ümumtəhsil müəssisəsində izləyiblər.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin apardığı dərsdə ermənilərin əzəli torpaqlarımızda planlı şəkildə məskunlaşdırılması, tarixin müxtəlif dövrlərində dinc azərbaycanlılara qarşı həyata keçirilən irimiqyaslı soyqırımlar haqqında məlumat verilib. Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanına diqqət çəkən tədqiqatçı bildirib ki, bu dövlət sənədi ilk dəfə olaraq Azərbaycan xalqına qarşı törədilən qanlı cinayətlərə siyasi qiymət verən, milli yaddaşımızı dirçəldən mühüm tarixi sənəddir.
Alim ermənilərin XIX əsrin II yarısından başlayaraq təşkilatlandırılması məsələsinə də toxunub. O dövrün yazılı mənbələri və arxiv materialları əsasında 1905-1907-ci illərdə Azərbaycanın bir çox bölgələrində, o cümlədən Naxçıvanda ermənilərin soyqırımı gerçəkləşdirdiklərini diqqətə çatdırıb.
İnteraktiv dərs zamanı Bakı, Şamaxı, Quba, Gəncə, Lənkəran, Qarabağ və Naxçıvanda törədilən qanlı cinayətlər, xüsusilə, muxtar respublikanın Yaycı, Nursu, Kolanı, Xanağa, Bənəniyar, Camaldın, Ərəzin, Kırna, Sirab kəndlərində törədilən amansız qətliamlar, Naxçıvan əhalisinin erməni millətçilərinə qarşı inadlı mübarizəsi haqqında məlumat verilib. Tədqiqatçı bir sıra qaranlıq məqamlara aydınlıq gətirərək xarici qüvvələrin havadarlığı ilə milli və dini zəmində yaradılan təfriqələr, terrorçu erməni təşkilatlarına göstərilən dəstəklə bağlı önəmli faktları qeyd edib. Vətən müharibəsinin uğurlu nəticələrini xatırladaraq törədilən cinayətlərin cəzasız qalmadığını bildirib.
Emin Şıxəliyev vurğulayıb ki, gələcək nəsillər bu tarixi faktları unutmamalıdırlar. Çünki bu günün savadlı və vətənpərvər gənci sabahın ziyalısı, müsəlləh əsgəri, ölkəmizin gələcəyinin qarantıdır.