Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Silahlı Qüvvələr Günü qeyd olunub
Bakı, 24 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində Silahlı Qüvvələr Günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov ordumuzun şanlı tarixindən, onun yaradılmasından danışıb, bu günün bayram kimi tarixləşməsinin müəllifinin müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyev olduğunu vurğulayıb. Bəxtiyar Əsgərov vurğulayıb ki, ulu öndər Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başlatdığı işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dahi rəhbərin ordu quruculuğu sahəsində başlatdığı işlərin Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan Ordusu regionun ən güclü ordusudur. Böyük quruculuq yolu keçərək öz peşəkarlığını artıran ordumuz maddi-texniki bazasını mütəmadi gücləndirərək düşməni hər an məhv etməyə və işğal altında olan torpaqlarımızı tez bir zamanda azad etməyə hazırdır.
Bəxtiyar Əsgərov bildirib ki, ordu quruculuğu üçün vacib şərtlərdən biri dövlətin müstəqilliyi amilidirsə, digər vacib şərt iqtisadi potensialın və sabitlik şəraitinin yaradılmasıdır. Bu gün Azərbaycan ona görə güclü orduya malikdir ki, onun dönməz müstəqilliyi, dinamik şəkildə inkişaf edən iqtisadiyyatı və davamlı sabitliyi var. Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunub və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Daimi nümayəndəliyin rəhbəri Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını vurğulayaraq ölkəmizin dinamik inkişafı və bu istiqamətdə aparılan geniş quruculuq işlərinin, köklü islahatların daha böyük nəticələrin əldə ediləcəyinə ümidləri artırdığını söyləyib.
Qeyd edilib ki, ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlər muxtar respublikamızda da uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə hərbi hissələrin maddi-texniki təminatı möhkəmləndirilir, əsgərlər üçün yaşayış kompleksləri tikilir, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, şəxsi heyətin döyüş və mənəvi hazırlığı əhəmiyyətli dərəcədə artırılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun sərhəd bölgələrində, düşmənlə üz-üzə mövqelərdə xidmət edən əsgər və zabitlərlə görüşü artıq ənənə halını alıb. Bu görüşlər şəxsi heyətin vətənpərvərlik hisslərini, mübarizlik əzmini daha da artırır.