Nazir: Əsas vəzifələrimizdən biri ədalət mühakiməsi sistemini azad olunmuş torpaqlarımızda təmin etməkdir
Bakı, 13 fevral, AZƏRTAC
Bu gün əsas vəzifələrimizdən biri ədalət mühakiməsi sistemini Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Böyük Qələbəmizlə azad olunmuş torpaqlarımızda təmin etməkdir.
AZƏRTAC xəbər verir ki, bunu Ali Məhkəmənin 100 illiyinə həsr olunan beynəlxalq konfransda ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov bildirib.
Qeyd edib ki, işğal dönəmində büsbütün dağıdılaraq minalanmış ərazilərimizdə dövlət başçısının rəhbərliyi ilə infrastruktur təzədən qurulur, o cümlədən qədim abidələrimiz, mədəni irsimiz respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bilavasitə iştirakı ilə bərpa edilir. Həmin bölgədə bütün infrastruktur bərpa olunduqdan və soydaşlarımız öz torpaqlarına qayıtdıqdan sonra, sözsüz ki, yeni yaradılan məhkəmə və ədliyyə qurumlarımız da fəaliyyətə başlayacaq.
“Sonda mən bir daha əlamətdar yubiley və Azərbaycan Prezidentinin yüksək etimadı ilə təltif olunmaları münasibətilə Ali Məhkəmənin kollektivini səmimi-qəlbdən təbrik edir, insan hüquqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli həyata keçirilməsi naminə şərəfli fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıram”, - deyə Məhkəmə-Hüquq Şurasının sədri vurğulayıb.