Nazir: İqtisadiyyata dəstək üçün kompleks tədbirlər həyata keçirilib, kəskin enişin qarşısı alınıb
Bakı, 24 dekabr, AZƏRTAC
Ölkədə iqtisadiyyata dəstək üçün kompleks tədbirlər həyata keçirilib, kəskin enişin qarşısı alınıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri maliyyə naziri Samir Şərifov Milli Məclisdə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deyib.
S.Şərifov bildirib ki, 2021-ci il dövlət büdcəsinin gəlirləri 25,4 milyard manat nəzərdə tutulur. Bu, 2020-ci ilin proqnozu ilə müqayisədə 1,3 milyard manat və yaxud 5,4 faiz çoxdur. 2021-ci il dövlət büdcəsinin xərcləri isə 28,5 milyard manat proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1 milyard manat və ya 3,8 faiz çoxdur: “Cari il qlobal pandemiya səbəbindən kifayət qədər ağır il olub. İstehlak tələbinin kəskin dağılması, neftin qiymətinin aşağı düşməsi istər-istəməz iqtisadiyyata öz təsirini göstərib. Ölkədə iqtisadiyyata dəstək üçün kompleks tədbirlər həyata keçirilib. İqtisadiyyatın kəskin enişinin qarşısı alınıb”.
Maliyyə naziri deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın koordinasiyası əsasında xəstəliklə əlaqədar olaraq səhiyyə sahəsində əsaslı işlər görülüb, infrastrukturun qurulması, peşəkar xarici həkimlərin cəlb edilməsi həyata keçirilib. Səhiyyənin kritik şəraitdə idarə olunması təmin edilib.
“2021-ci il dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik xərcləri 4 milyard 586 milyon manat nəzərdə tutulur ki, bu da 2020-ci ilə nisbətən 781,5 milyon manat çoxdur. 2021-ci il dövlət büdcəsinin sosialyönümlü xərcləri 11,1 milyard manat məbləğində proqnozlaşdırılır. Bu, 2020-ci illə müqayisədə 563,8 milyon manat və ya 5,3 faiz çoxdur. Elm xərclərinə 183,3 milyon manat, təhsil xərclərinə 3 milyard 278 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Təhsilə ayrılan xərclər 2020-ci ilə nisbətən 242,9 milyon manat və ya 8 faiz çoxdur. Səhiyyə xərcləri üçün isə 1 milyard 409 milyon manat vəsait ayrılacaq”, - deyə o qeyd edib.