Nazir müavini Anar Kərimov İmişli rayonunda vətəndaşları qəbul edib
Bakı, 7 mart, AZƏRTAC
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov martın 7-də İmişli rayonunda həmin rayonun sakinlərini qəbul edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, qəbul zamanı müraciət edənlər arasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.
A.Kərimov onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.
Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.