Nazir müavini: Yaşıl investisiyalar bəhrəsini verir
Bakı, 6 iyul, AZƏRTAC
İnvestisiya layihələrinin ümumi mənzərəsinə baxsaq, müəyyən infrastruktur layihəsi üçün texniki-iqtisadi əsaslandırma hazırlayarkən ilkin nəticələr çox zaman bir az ruhdansalıcı olur. Yəni texniki-iqtisadi əsaslandırmanın ilkin nəticələri hər zaman optimallaşdırma tələb edir.
AZƏRTAC xəbər verir ki, bunu energetika nazirinin müavini Orxan Zeynalov XX Bakı Yay Enerji Məktəbi çərçivəsində keçirilən müzakirələrdə deyib.
O qeyd edib ki, optimallaşdırmalar dövlət və özəl sektorların layihəni müəyyən komponentlərə bölmələrinə, zəmanətlərə və güzəştlərə, həmçinin daxili gəlirlilik normasını daha mənfəətli, potensial tərəfdaşlar üçün isə daha cəlbedici etməsinə xidmət edir.
“Yaşıl enerji ilə bağlı isə həm də mənbəyin qiymətinin nə qədər olacağı, ötürmə xərcləri və son çatdırılma qiyməti məsələləri həll edilir. Çünki son çatdırılma qiymətin investorlar üçün cəlbedici olmasını təmin etmək əsas məqamlardan biridir. Düşünürəm ki, artıq yaşıl investisiyalar ənənəvi enerjini tamamlayaraq öz bəhrəsini verir”,- deyə nazir müavini vurğulayıb.