Nazir müavini: Yeni nəsil iqtisadiyyat təşəbbüsləri üçün tənzimləyici siyasət şirkətlərdə prosesləri rəqəmsallaşdıracaq

Bakı, 14 mart, AZƏRTAC
Azərbaycanda Yeni Nəsil İqtisadiyyat Strategiyasının reallaşdırılması müasir dövrdə biznesin yeni nəsil iqtisadiyyatına transformasiyasının gücləndirilməsinə zəmin yaradacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov "Yaşıl iqtisadiyyata keçidin istehlakçı davranışlarına və istehlak bazarına təsiri: çağırışlar və perspektivlər" adlı forumda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, strategiyanın icrası çərçivəsində rəqəmsal iqtisadi ekosistemin vəziyyətinin dəyərləndirilməsi üzrə araşdırma aparılacaq, rəqəmsallaşma üçün əlverişli mühit yaradılacaq, texnoloji və rəqəmsal sahədə inkişafa və dövlət-özəl əməkdaşlığına töhfə veriləcək.
“Yeni nəsil iqtisadiyyat təşəbbüsləri üçün tənzimləyici siyasətlərin hazırlanması iqtisadiyyatın bir çox sahələrində fəaliyyət göstərən şirkət və müəssisələrdə proseslərin rəqəmsallaşdırılmasına səbəb olacaq”, - deyə nazir müavini qeyd edib.
S. Məmmədov deyib ki, insan kapitalının inkişafı və yeni nəsil iqtisadiyyata transformasiya təkmilləşəcək, innovasiyalar və müasir texnoloji həllərin tətbiqi genişləndiriləcək, innovasiyalar ekosisteminin formalaşması və yaşıl enerji prosesləri sürətlənəcək, sağlam ekoloji mühit üçün zəruri şərait yaradılacaq: “Bizneslər istehsal etdikləri məhsul və göstərdikləri xidmətlər və ya yaratdıqları iş yerləri və imkanlarla məhdudlaşmır, həmçinin iş şəraiti, insan hüquqları, səhiyyə və ətraf mühit baxımından da geniş təsir imkanına malikdirlər. Eyni zamanda qeyd etmək istərdim ki, dövlət satınalmaları bütün ölkələrin iqtisadiyyatında əsas amildir. Hökumətlər bu vasitə ilə də bazarları daha yaşıl və innovativ məhsullar, xidmətlər istehsal etməyə yönəldə bilərlər”.