NAZİRLƏR KABİNETİNDƏ GÖRÜŞ
Azərbaycan hökumətinin başçısı beynəlxalq humanitar təşkilatın belə mötəbər nümayəndə heyətinin ölkəmizə səfərini yüksək qiymətləndirmiş, onların qaçqınların və məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları çadır şəhərciklərinə gedərək, Azərbaycan torpaqlarının erməni işğalı nəticəsində zərər çəkmiş insanların necə ağır şəraitdə yaşadıqlarını öz gözləri ilə görməsini yüksək qiymətləndirmişdir.
Ölkəmiz üçün əsas problemdən - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsindən danışan Baş nazir Artur Rasizadə bu məsələdə Ermənistanın qeyri-konstruktiv mövqe tutduğunu vurğulamışdır.
Baş nazir Azərbaycan qaçqınları və məcburi köçkünlərinə göstərilən yardıma görə BMT-nin Dünya Ərzaq Proqramının rəhbərinə təşəkkür etmişdir.
Cənab Morris qaçqınların və məcburi köçkünlərin acınacaqlı vəziyyətinə toxunaraq demişdir ki, dünya birliyi Dağlıq Qarabağ münaqişəsinin həlli, qaçqınların və məcburi köçkünlərin doğma ocaqlarına qayıtması üçün səylərini əsirgəməməlidir. O, ölkəmizin hökumət başçısını əmin etmişdir ki, BMT-nin Dünya Ərzaq Proqramı aralarında uşaq və qocalar da olan qaçqınların, məcburi köçkünlərin vəziyyətini yaxşılaşdırmaq sahəsində Azərbaycanın səylərini yüksək qiymətləndirir və respublikamızla əməkdaşlığı bundan sonra da davam etdirəcəkdir.