NDU-nun tələbələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində təcrübə keçirlər
Naxçıvan, 11 dekabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına əsasən Naxçıvan Dövlət Universitetinin (NDU) Sosial iş ixtisası üzrə IV kurs tələbələrinin Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçəcəkləri təcrübə ilə bağlı görüşü olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev NDU-nun Sosial iş ixtisası üzrə təhsil alan tələbələrlə görüşlərin, seminarların keçirilməsinin, nazirliyin və onun tabeliyində olan sosial xidmət müəssisələrinin fəaliyyəti ilə tanışlığının təşkilinin hər il davam etdirildiyini bildirib. Qeyd olunub ki, ötən dövr ərzində nazirlik tərəfindən müvafiq ali təhsil müəssisəsi ilə əlaqələr genişləndirilib, Sosial iş ixtisası üzrə təhsil alan tələbələrin istehsalat təcrübələrini nazirlikdə və tabeli qurumlarda keçməsi təmin edilib.
Sonra çıxış edən universitetin rektoru, dosent Elbrus İsayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fakültəyə uğurla hamilik etməsindən, tələbələrin ixtisas təcrübəsi qazanmaları üçün hərtərəfli şərait yaradılmasından, nəzəri-təcrübi əhəmiyyətli birgə tədbirlərin həyata keçirilməsindən bəhs edib.
Görüşdə müvafiq ixtisasın tələbəsi Səbinə Babayeva və Sosial iş ixtisası üzrə məzun olmuş və hazırda nazirliyin strukturunda işləyən dövlət qulluqçusu Nadim Nəcəfov çıxış edərək minnətdarlıqlarını bildiriblər.
Sonra tələbələr nazirliyin strukturuna daxil olan təşkilatlarda olub, günlük iş prosesini yerində izləyiblər.